Hələ nəyi gözləyirsiniz, cənablar? Bakıda həyatın tam dayanmasınımı? Ya da gözləyirsiniz ki, paytaxtda qiyamətmi qopsun?!




AYNA-nın Bakının nəqliyyat sisteminə vurduğu zərbə artıq qırmızı xətti keçib. Bu qurumun yaratdığı problemlər səbəbindən şəhərdəki nəqliyyat sistemi demək olar ki, iflic vəziyyətinə düşüb. Tıxac fəlakət həddindədir, marşrutlarda gecikmə halları artaraq artıq adi hala çevrilib, paytaxt sakinləri və qonaqları diskomfort həyat tərzi yaşamağa məcbur olub. Bunu yüngülləşdirmək üçün müxtəlif tədbirlər görmək əvəzinə haqsız cərimələrin də sayı artıb. Alternativ marşrutlar yaratmaq yerinə ictimai nəqliyyatdan düzgün istifadə edilməsi üçün maarifləndirmə işləri sıfır vəziyyətinə düşüb. Sürücülər belə yaranmış problemlərdən başını itirib. Bu vəziyyət nəinki Bakıda, eləcə də Azərbaycanın digər şəhər və qəsəbələrində ciddi narahatlıq doğurur. Azərbaycan hökuməti, daha dəqiq desək, Nazirlər Kabineti isə ya susur, ya da problemləri həll etmək iqtidarında olmadığını əyani nümayiş etdirir.


Nəqliyyat sistemindəki problemlərin həll edilməməsi bir yana, ictimai nəqliyyatın inkişafı məqsədilə daha absurd qərarlar verilir, avtobus və metro sıxlığı ilə bağlı heç bir tədbir görülmür.
Korrupsiya və rüşvətlə çoxmərtəbəli, bir-birinin qarnına girən çoxmərtəbəli binaların tikintisinin Bakıya vurduğu ziyanın miqyası ölçülmür, bununla bağlı böyükmiqyaslı proqramlar hazırlanmır. Azərbaycan Prezidentinə problemin ciddiliyi ilə bağlı məruzələr edilmir və yaxud zamanla sakinlərin sakitləşəcəyi, problemə öyrəşəcəyi ilə bağlı immunitet formalaşdırmaq niyyəti hiss edilir. Artıq Bakı elə bir vəziyyətə salınıb ki, burada yol infrastrukturunun təkmilləşdirilməsi mümkün deyil. Yəni yeni yollar salına bilməz, genişləndirilməsi bir sıra narahatlıqlar yaradar, yeni körpülər və tunellərin inşasından isə ümumiyyətlə danışmaq yersizdir.

Alternativ nəqliyyat formalarının təşviqindən isə danışan yoxdur. Nə dövlət qurumları, nə QHT-lər, nə də ki media bu missiyanı üzərinə götürmür, yaradılan velosiped yolları COP29 üçün sanki “suvenir” kimi göz oxşayır. Parkinqlər pullu olsa da, bu sahədə çox dəhşətli faktlar gizlənir.
Nəqliyyatın idarəetmə sistemlərinin tətbiqi isə AYNA-nın ağlına gəlmir. AYNA rəhbərliyi öz yarıtmaz fəaliyyəti ilə trafik yol nişanlarını quraşdırılmasında ciddi xətalara və nöqsanlara yol verir.

Əlbəttə ki, yol hərəkəti qaydaları və təhlükəsizlik mövzusunda DYP də günahkardır. Tıxacların qarşısının alınması məqsədilə geniş miqyasda tənzimlənmə prosesi həyata keçirilmir. Yalnız nüfuzlu qurumların rəhbərlərinin getdiyi marşrutlar üzrə yol polislərinin tənzimlənmə fəaliyyətini görmək olar. Şəhərin digər yerlərində isə günün ayrı-ayrı saatlarında əsl qiyamət yaşanır. Tıxaclı bölgələrdə alternativ marşrutların müəyyənləşdirilməsi və monitorinq sistemlərinin tətbiqi isə yəqin ki bundan sonra da aparılmayacaq.
Dövlət və özəl sektorların əməkdaşlığı ilə bağlı niyyətlər isə arxa plana keçib. Nəqliyyat layihələrinin həyata keçirilməsində özəl sektorun cəlb edilməsi də həvəssiz şəkil alıb.
Artıq Bakıda elektrik enerjisi ilə işləyən nəqliyyat sistemlərini geniş tətbiq etməyi belə AYNA düşünmək istəmir. Aparılan müzakirələrdə bu qurumun səsi qeybdən də gəlmir. Axı metro, tramvay, trolleybus şəbəkələri yaratmaq, fərdi maşınlardan istifadə tələbini aradan qaldırmaq üçün elektrik velosipedləri və motosikletlərinin istifadəsini artırmaq məqsədilə yeni layihələrə start vermək bu qədərmi çətindir? Hələ nəyi gözləyirsiniz, cənablar? Bakıda həyatın tam dayanmasınımı? Ya da gözləyirsiniz ki, paytaxtda qiyamətmi qopsun?!

Məsələ burasındadır ki, dövlətin hesabına dünyanı gəzən məmurlar, məsul şəxslər tıxacların aradan qaldırılması üçün müxtəlif dünya ölkələrində tətbiq olunan müasir yanaşmaları görməyiblərmi? Ya da bunu araşdırmaqla bağlı niyə bir cəhd edilmir? Əgər belə təkliflər yoxdursa, bir zəhmət bizi oxuyun və mövcud yanaşmaları imkan daxilində tətbiq edin.
Əvvəla, dünyanın bir çox şəhərində, məsələn, London və Tokiodakı mükəmməl ictimai nəqliyyat sistemlərini Bakıda tətbiq etmək olardı. Azərbaycan Dəmir Yolu QSC-nin “gecikən qatarlar” fəaliyyəti ilə biz hələ nə qədər sürünməliyik? Sumqayıt, Xırdalan və digər iri yaşayış məntəqələrindən nəqliyyat axınını tənzimləmək niyə belə çətin olub? Yaponlardan sizin nəyiniz əskikdir. Ancaq büdcə dağıtmaq, varlanmaq, sosial şəbəkələrdə və mediada gedən məntiqli tənqidləri qulaqardına vurmaqmı gəlir əlinizdən? 

İkincisi, yol idarəetmə sistemlərini bir neçə ildir ki, niyə inkişaf etdirə bilməmisiniz? İndi sizə nə mane olur? Cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri niyə ala-yarımçıq həyata keçirirsiniz?
Bir çox inkişaf etmiş ölkələrdə avtomatlaşdırılmış yol idarəetmə sistemlərini niyə nəzərdən keçirmirsiniz? Niyə xalqın qarşısına keçib bu barədə kifayət qədər məlumat vermirsiniz?

Görəsən, AYNA-nın Tıxac Vergi Sistemindən xəbəri varmı? Məsələn, Sinqapur və Londonda tətbiq olunan tıxac vergisi avtomobillərin mərkəzi bölgələrə girməsini məhdudlaşdırır. Bu yanaşma tıxacları azaltmağa kömək edir.
Sinqapur, Pekin, Hong-Kong və Mexiko kimi şəhərlərdə velosiped infrastrukturunun inkişafı yalnız yol çəkməklə bitməyib. Bir çox şəhərdə, məsələn, Amsterdamda velosiped yolları genişləndirilməklə insanlar arasında velosipedlə bağlı məsələ həm təşviq edilir, həm də buna məcburiyyət yaradılıb.
Bakıda ağıllı parkinq sistemləri yaradılmalıdır. Bu sistemə görə, insanı yönəldən parkinqlər var. Məsələn, San-Fransiskoda tıxacların azaldılmasında bu tətbiq öz effektivliyini göstərib, çünki sürücülər park yerini axtararkən tıxac yaratmırlar.

Marşrutları birləşdirən xidmətlərdən heç danışmırıq. Bu, daha az avtomobilin yolda olmasına kömək edir. Bunun başqa forması tıxac azaltma kampaniyalarıdır. Müxtəlif şəhərlərdə, məsələn, Nyu-Yorkda, “İş yerində tıxac azaldılması” kampaniyaları həyata keçirilir, insanların alternativ nəqliyyat vasitələrindən istifadəsi təşviq edilir.
Bu yanaşmalar, müxtəlif şəhərlərdə tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən strategiyalardır və onların müvəffəqiyyəti şəhərin spesifik şərtlərindən asılıdır.  (Konkret.az)
Tarix: 12-10-2024, 17:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}