Abşeron “kraliçası”na görə Qarabağ əlili evinə od vurdu: “Belə vətəndaşlığa “yox” deyirəm” - Video



 

Abşeron rayon icra başçısı İradə Gülməmmədova sanki Qarabağ qazilərinə qənim kəsilib.
Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəmləmələrinə az qala bəraət qazandırmış olan xanım məmurun fəaliyyəti nəticəsində Qarabağ əlilləri çarəsiz, çıxılmaz vəziyyətə düşüblər, intihara əl atırlar, özlərini yandırırlar, icra başçısı tərəfindən cəzalandırılaraq döyülürlər.

Anaxeber.az-ın məlumatına görə, bu dəfə Qarabağ əlili Fuad Ələkbərov yerli icra hakimiyyətinin ona qarşı qanunsuzluqlar etdiyini bildirərək, evinə od vurub yandırıb.
O, qanunsuzluqlara son qoyulmasa özünü öldürəcəyini də elan edib. Kanal13--ə danışan Qarabağ əlili bildirib ki, ona məxsus evin çıxarışı var və 8-10 nəfər icra hakimiyyəti nümayəndəsi onu qanına qəltan ediblər, ölümünə döyüblər.
“İradə Gülməmmədovanın qoçuları məni bu günə salıblar. Məndən pul istədilər. Buyurun, baxın “kupça”, “texpasport” əlimdə var. Hər şey qanunidir. Ancaq onlar qanun tanımırlar.
Belə korrupsiyaya, belə vətəndaşlığa “yox” deyirəm. Üç gün ərzində səsimə səs verilməsə, özümü qaz xəttindən asacam”.
Ancaq bu, ilk Qarabağ əlili deyil ki, İ.Gülməmmədovanın qəzəbinə tuş gəlməsin. Bir-iki ay qabaq meydan.tv Qarabağ əlili Səyyaf Bayramovun şikayətini çəkmişdi.
Qarabağ qazisi və əlili video müsahibəsində İ.Gülməmmədovanın əmri ilə Abşeron polisinə çağrıldığını və şöbənin qarşısında mülki geyimli iki polis tərəfindən qanına qəltan edildiyini söyləyirdi.
Onun sözlərinə görə, kanteyneri dağıdılıb, yaşamağa bir sığınacağı yoxdur və evsiz-eşiksiz qalması ilə bağlı etdiyi müraciətin axırında icra başçısı tərəfindən cəzalandırılıb.
Göründüyü kimi, Azərbaycanın yeganə qadın icra başçısı olan İradə Gülməmmədova Abşeron rayonuna rəhbər təyin edildikdən sonra bütün pislikləri etməkdədir.
Dövlət rəhbərliyi Qarabağ əlillərinə mənzillə tikir, avtomobil bağışlayır, qayğı göstərir, İ.Gülməmmədovanın diqqət və qayğısı isə onları döydürmək, intihar həddinə çatdırmaqdan ibarətdir.
Anaxeber.az yazır ki, xanım icra başçısının Qarabağ əlillərinə aqressiv münasibətinin səbəbinin hardan qaynaqlanması məlum deyil.
Abşerona rəhbərlik etdiyi bu dövrdə bir Qarabağ əlilinin, bir şəhid ailəsinin qapısını açmayan, problemləri ilə maraqlanmayan, ən azı bir ana, xanım kimi onlara mənəvi dəstəyini əsirgəyən İ.Gülməmmədova  yalnız qəddar mövqeyi ilə seçilir.
Heç bir rayonda icra başçısı tərəfindən Qarabağ əlillərinə qarşı bu cür qəddar münasibət yoxdur. Ən azından son bir neçə ay ərzində iki Qarabağ qazisinin döyülməsi faktı belə deməyə əsas verir.
Bununla informasiya müharibəsində Ermənistanın, onun yeni rəhbəri Paşinyanın, erməni mətbuatının əlinə arqumentlər verən Abşeron RİH başçısı dövləti, prezidenti, bütövlükdə Azərbaycanı pis vəziyyətə salır.
Rayonda qoçu dəstələri saxlayan və qoluzorlu adamları vətəndaşların üstünə göndərən, daşı daş üstə qoymaq istəyənin başının üstünü kəsdirib rüşvət tələb edən işçilərini müdafiə edən xanım icra başçısının zülmü ərşə qalxıb.
Bu gedişlə ya Abşeron ayağa qalxacaq, ya da prezidentə bu rayondakı vəziyyət barədə kuratorlar məruzə etməlidir, hansısa ölçülər götürülməlidir.
Çünki təkcə evinə od vuran Qarabağ əlilindən rüşvət istəmirlər, rayonda kimsə ev tikmək arzusundadırsa, ürəyində qoyurlar.
İ.Gülməmmədovanın bu əməllərinin dosye şəklində toplanıb siyasi rəhbərliyin masasına qoyulacağı bildirilir.
Qadın icra başçısı rayonu silkələyir. Çünki Abşeron kimi rayona icra başçısı təyinatı uğursuz olub və etimadı doğrultmayıb. Elektron mediada da xanım icra hakimi haqda saysız-hesabsız şikayətlərə rast gəlmək olar.
Ümumiyyətlə, böyük gözləntilər vardı: xanım icra başçısı kişi həmkarlarından fərqlənəcək, daha humanist, ana və qadın ürəyi ilə Abşerona yanaşacaq, insanların və rayonun problemlərinə isti münasibət sərgiləyəcək.
Amma bir çox rayonlarda kişi icra başçılarının xalqa və sahibkarlara “qan uddurması” İ.Gülməmmədovanın yanında yalan oldu.
O, I vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən, gördüyü işlərdən nümunə götürmək əvəzinə Abşeronu “cəhənnəm yuvası”na döndərdi.
Onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir.
Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.
Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər.
Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir.
KİV onu da yazır ki, İ.Gülməmmədovanın hazırda əsas gəlir mənbələrdən biri torpaq satışındandır. Bir sözlə, yuxarıların bilməlidir ki, Abşeronda vəziyyət mürəkkəb və gərgindir, təxirəsalınmaz tədbirlər görməyin zamanıdır...
Anaxeber.az


Tarix: 12-05-2018, 09:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}