YALTAQLIQ - Eldəniz Quliyev yazır

YALTAQLIQ - Eldəniz Quliyev yazır

Ey karlar, korlar vә lallar mәmlәkәtinin başıqapazlı sakinlәri!
Eşidin, bilin, agah olun, üstəlik, sırğa elәyib qulağınızdan da asın: bu ölkәdә yaltaqlardan başqa heç kәsin yaşamağa ixtiyarı yoxdur! "Mıqq" eləmək də, deyinmək, ağız büzmək, donquldanmaq da, mütləq şəkildə icazəylə olmalıdır!..
Yalmanmasan, pişiklәnmәsәn, əzilib-büzülməsən, sülәngi olmasan... sənə adam kimi yaşamaq bilmərrə qadağandır!..
Milyon illәrin tәkamülü nәticәsindә nәhayәt ki, bizlәr quyruqdan xilas ola bilmişdik... ağacdan enib dә iki ayaq üstә gәzmәyə öyrәnmişdik...
Bә nooldu belə, nooldu ki, dübarә quyruq çıxarmağa mәcbur olunduq?!
İndi neynәyәk, başımıza haranın daşını tökək?.. Quyruğumuz yoxdusa vә onu bulamağı bacarmırıqsa ölməliyikmi?.. Bəlkə qayıdıb təzədən ağaca dırmaşmalıyıq?!
Haqqı deyirsən - nahaq olursan. Düzü deyirsən - düzdə qalırsan. Boş məmur başını taqqıldadırsan - həmən daşlanırsan...
Ləyaqət hissini, abır-həyanı qorumaq ustəyirsən - dışlanırsan.
Yəni konkret deyirlər ki, cınqırınızı çıxarıb heç "mıqq" da eləməyin.
Yəni deyirlər, heç mızıldanıb-zad da eləməyin və ağız bahəm edibən zada, filana  mızdan-filandan da qoymayın!
Yəni deyirlər, biz çırtma çalaq, sizsə qol götürüb dingildəyə-dingildəyçalıb-oxuyun, oynayın və...
...yaltaqlanın,
pişiklənin,
yalağlanın,
gö... gözə girin...
Və başınıza dəyən qapazlara, dalınıza dəyə təpiklərə şükür eləyin!..
Hərdən adamın başına qəribə fikirlər gəlir... başdı də, - nə sərhəd tanıyır, nə sərhədçi. Öz-özünə deyirsən ki, ayə, görən niyə bizlər ağlı başında olan normal adamlar kimi, normal məmləkətdə yaşaya bilmirik?.. Bunun səbəbi nədi axı?.. Niyə axı mövcud olmaq üçün gərək, mütləq müti, kölə, riyakar olaq, ləyaqətimizi, qürurumuzu mütləq abort elətdirək?!
Axı bu şoqərib yaltaqlıq nəmənə olan şeydi ki, qrip epidemiyası kimi yapışıb yaxamlzdan, yayıla-yayıla artır, artır?..
Şəxsən mənə görə, yaltaqlıq bir qrup məxluqun varlı-kallı mənsəb sahibləri  qarşısında alçalmaqdan həzz alması deməkdir.
Yaltaqlıq - bir düşüklük, dəyyusluq sindromu olmaqla yanaşı, insani məziyyətlərin eroziyayaya uğraması deməkdir.
Yaltaqlıq - şəxsi mənfəət naminə, könüllü şəkildə çirkli döşəmə əskisi olmağınla barışmaq deməkdir.
Yaltaqlıq - qəsdən, bilə-bilə, yəni şüurlu surətdə bükülmək, əyilmək, əzilmək, əskilmək kompleksidir.
Yaltaqlıq - Allah-təalanın insana bəxş etdiyi qürur hissinin xırdalanıb ayaqlar altına atılması deməkdir.
Nəhayət, bu, insanın ifrat merkantil komformist marağından doğan psixi-klinik hadisə, eləcə də sağlam məntiqlə izah olunmayan əndirabadi bir nonsensdir.
Bircə şeyi dəqiq bilirəm: son zamanlar bu sayaq qeyri-sağlam naqislik çoxlarının yaşam tərzinə çevrilib. Çevrilib və...adiləşib!..
Adiləşən zərərli xüsusiyyətlər isə, çox pis nümunədir. Belə nümunələrin, nə vaxtsa ölkəyə, habelə ölkə vətəndaşlarına bədbəxtlik və çeşidli bəlalar gətirəcəyi labüddür... Sadəcə, bunun geci-tezi var!..
P.S. Təəssüf və səd heyif ki, kömürü ağartmaq qanına yaltaqlıq hopmuş adamı islah etməkdən asandır!..
Eldəniz QULİYEV
Tarix: 20-05-2024, 22:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}