“Neft dövrü” bitir, yoxsa “yaşıl enerji” marketinq manipulyasiyasıdır?- rəy


Eldəniz Əmirov: ""Yaşıl enerji" ilə bağlı qlobal səviyyədə manipulyativ davranışlar var və..."
Son dövrlər tez-tez “neft dövrünün bitməsi” və “yaşıl enerji” məsələsi müasir iqtisadiyyatda və siyasətdə əsas müzakirə mövzularından birinə çevrilib. Qeyd edilir ki, günəş, külək və su enerjisindəki texnoloji irəliləyişlər neftin uzunmüddətli mövqeyini zəiflədir. Elektrikli avtomobillərin və enerji saxlama sistemlərinin geniş yayılması bu prosesi sürətləndirir. Karbon emissiyalarının azaldılması məqsədilə beynəlxalq razılaşmalar və siyasətlər (məsələn, Paris sazişi) neftə olan tələbatı tədricən azaldır. Dünyanın bəzi ölkələrinin strategiyaları, Avropa İttifaqı 2050-ci ilə qədər karbon neytrallığını hədəfləyir, bu isə neft və qaz istehlakının əhəmiyyətli dərəcədə azalmasını nəzərdə tutur.
Bəzi tənqidçilər isə “yaşıl enerji”nin marketinq manipulyasiyası olduğunu iddia edir. “Yaşıl enerji”ni böyük şirkətlər öz imicini yaxşılaşdırmaq üçün istifadə etdiyi bir vasitə adlandırırlar. Misal üçün, bərpa olunan enerjiyə keçidi elan edən bəzi şirkətlər eyni zamanda neft və qaz investisiyalarını da davam etdirirlər. 
Beynəlxalq təhlükəsizlik və enerji siyasəti üzrə ekspert Kamran Bokhari  deyir ki, “yaşıl enerji”yə keçid üçün neftin rolunu kiçiltmək və onun qarşısında açıq bir düşmən kimi durmaq çox təhlükəlidir. Onun fikrincə, neft və qaz hələ də dünya enerji tələbinin böyük hissəsini təmin edir və bu keçid sadəcə ekoloji məqsədlərlə deyil, iqtisadi və strateji səbəblərlə də çox mürəkkəbdir. Onun mülahizələrinə görə, “yaşıl enerjinin gələcəyi” yalnız strateji və iqtisadi hazırlıqla mümkündür.
BƏƏ-nin enerji naziri Sultan Al Jaber də açıqlamasında qeyd edib ki, neft və qazın tamamilə aradan qaldırılması mümkün deyil və enerji keçidini daha sərt şəkildə aparmaq, qlobal iqtisadi böhranlara səbəb ola bilər. O, karbon emissiyalarını azaltmaq üçün daha çox texnoloji inkişaf və “karbon tutma” sistemlərinin istifadəsini təklif edir.
Beynəlxalq Enerji Agentliyi 2023-cü il hesabatında bildirib ki, 2030-cu ilə qədər neft və qazın tələbi hələ də yüksək olacaq, lakin bu, tədricən azalacaq. Agentlik, neftin yaxın 10 ildə tamamilə sona çatmayacağını, amma uzunmüddətli perspektivdə yaşıl enerji mənbələrinin üstünlük təşkil edəcəyini vurğulayır. 
Bir sözlə, ekspertlər yaşıl enerjiyə keçidin zəruri olduğunu, amma bu prosesin çox yavaş və mürəkkəb olduğunu bildirirlər. Onlar həmçinin neftin və qazın hələ də qlobal enerji tələbatının əhəmiyyətli hissəsini təmin etdiyini vurğulayırlar. Nəticə etibarilə demək olar ki, “neft dövrünün bitməsi” ilə bağlı proqnozlar iqtisadi, siyasi və texnoloji amillərə bağlıdır. Yaşıl enerji həm real transformasiya, həm də marketinq strategiyası kimi qarışıq rol oynaya bilər. İqlim siyasətləri və yeni texnologiyalar bu keçidin sürətini müəyyən edəcək.
Bununla belə, dünyanın bir çox ölkəsində bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalında mühüm rol oynamağa başlayıb. 2023-cü ilin məlumatlarına görə, bəzi ölkələrdə (məsələn, Norveç, İslandiya) enerjinin böyük hissəsi bərpa olunan mənbələrdən əldə edilir.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Birmənalı olaraq neft dövrü bitib, yaxud bu, manipulyasiyadır demək də doğru olmazdı. Neft dövrü bitib də demək doğru olmazdı. Neft dövrü bitməyib. Nə qədər ki, yerin ən dərin qatlarında belə ən müasir nano-texnoloji, innovativ, geoloji tədqiqatların ən müasir üsulları meydana gəlir, yerin ən dərin qatlarında olan sonuncu neft damlası da çıxarılana qədər neft dövrü bitməyəcək. Deməli, neft dövrü bitməyib. O ki qaldı alternativ enerji manipulyasiyadırmı? Məhz "yaşıl enerji" ilə bağlı qlobal səviyyədə manipulyativ davranışlar var. Yəni “yaşıl enerji”nin gələcəyi olsa da, bu, qlobal səviyyədə deyilən qədər tez deyil. Bu istiqamət 10 trilyon dollardan çox sərmayə tələb edir, hələ hazırkı vəziyyətdə. Ənənəvi enerjidən imtina olunması isə bu həcmi 100 trilyonlara çatdıracaq. Yəni bunu qısa bir müddət ərzində, ümumiyyətlə, orta müddətli dövr ərzində belə təmin etmək mümkün deyil. Müəyyən şirkətlər öz imiclərini daha yuxarı səviyyədə saxlamaq üçün “yaşıl enerji” ilə bağlı manipulyativ davranışlar edirlər. Yəni “yaşıl enerji”yə yatırım etmək, yaşıl tendeminə qoşulmaq şirkətlərin bir imic məsələsinə çevrilib".
Qeyd edək ki, “Live Science” elm xəbər saytı da bir müddət əvvəl açıqlama verib: “Yaşadığımız planetdə neft ehtiyatları heç vaxt bitməyəcək. Çünki onun bir hissəsi Antarktida kimi əlçatmaz yerdədir. Digər ehtiyatlar isə yerin o qədər dərinliyindədir ki, biz onun miqdarını hesablaya bilmərik. Təxminən 165 il bundan əvvəl insanlar bu təbii sərvəti çıxarmağa başlayıb. "Rystad Energy" tərəfindən 2023-cü ildə aparılan araşdırmaya görə, dünyada təxminən 1,6 trilyon barel çıxarıla bilən neft ehtiyatı qalır. Lakin bu rəqəm bir az mübahisəlidir. Çünki 2012-ci ildə ABŞ Geoloji Xidməti onu 565 milyard barel qiymətləndirib. Sənaye mütəxəssisləri neft ehtiyatlarının təxminən 50 il istismar olunacağını deyirlər. Lakin yaşadığımız dünya enerji mənbəyi kimi neftdən uzaqlaşdıqca tələbin azalması ehtimalı var. Məsələn, 2023-cü ilin oktyabrında Beynəlxalq Enerji Agentliyi neft istehlakının 2030-cu ilə qədər pik həddə çatacağını və bundan sonra azalacağını proqnozlaşdırır. Bu, o deməkdir ki, neft ehtiyatları hələ daha uzun müddət üçün kifayətdir".
Tarix: Bu gün, 11:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}