İcra başçısı Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon
Təşkilatının sədri Eldar Əsədovla birlikdə, rayonun Yenikənd kəndində Vətən müharibəsi
şəhidi Qasımov Azər Yaqub oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun
Yenikənd kəndində anadan olub. Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi
və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən
müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azər
Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhid
Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və
hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər
Qasımov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Ailəli idi, 4 övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.
Tarix: 2-12-2024, 17:10