Böyük Britaniya Rusiyanın “kölgə donanmasının” onlarla gəmisinə qarşı sanksiya paketi təqdim edib. Ancaq bunlar qlobal həllər əvəzinə dekorativ addımlardır. Və bu, istehzalı bir təbəssüm yaradır.Məsələ burasındadır ki, bu sanksiyalar Rusiya neftini daşıyan gəmilərin onun limanlarına daxil olmasına qadağa qoyulmasını nəzərdə tutur. Amma onsuz da ora getməyiblər və getməyi də düşünmürlər. Ruslara da Britaniya sığorta şirkətlərinin xidmətlərindən istifadə qadağan edilib. Amma onlar hələ də Hindistan və Çinin, yəni anti-Rusiya sanksiyaları rejimini dəstəkləməyən ölkələrin sığorta şirkətlərinin xidmətlərindən istifadə edirlər.
Daha bir məqam - başa düşməlisiniz ki, əslində "kölgə donanması" digər ölkələr üçün görünməzdir. Bunu dünya bazarında neftin qiymətinin qalxacağından, benzin və dizel yanacağının bahalaşacağından qorxan amerikalı dostlarımız uydurmuşdu. “Kölgə donanması” hekayəsi media tərəfindən götürüldü və yalan təfərrüatlarla örtüldü. Xüsusilə, heç kim “kölgə donanmasını” görmür. Çünki guya bu gəmilər AIS ötürücülərini söndürür. Bu, yalandır. Onlar ötürücüləri manipulyasiya edirlər, lakin istənilən beynəlxalq boğazlarda, xüsusən də Baltik dənizini Atlantik okeanı ilə birləşdirən Katteqat, Böyük və Kiçik Kəmərdə heç kim AIS ötürücüsünün söndürüldüyü bir gəmini buraxmayacaq. Buna görə də hər kəs onları mükəmməl görə bilər.
Rusiya neftini necə daşıyırdılarsa, elə də daşıyırlar. Rusiya da əvvəl aldığı kimi, indi də pul alır... Və Rusiya Federasiyasına qarşı sanksiyalara görə bu axının azalması müşahidə olunmayıb.
Məsələn, “Vladimir Tixonov” adlı tanker 2024-cü il sentyabrın 1-də Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilib. Lakin noyabrda o, Britaniya hökumətinin yanından, La-Manş boğazından keçdi. Bu il sentyabrın 11-də, yəni sanksiyaların tətbiqindən sonra o, neft üçün Hindistandan Novorossiyskə gedib və geri qayıdıb - yükləri boşaltıb Baltik dənizinə neft üçün qayıdıb. Heç bir belə sanksiyalar - nə Böyük Britaniya, nə də ABŞ - ona və yüzlərlə başqalarına mane olmayacaq.
Biz başa düşməliyik ki, bu gün neft satışı Rusiya üçün müharibənin əsas maliyyə mənbəyidir. Bu, Rusiya Federasiyasının Hindistan, Çin, Sinqapur, Malayziya və Afrika ölkələrindən aldığı xarici valyutanın ən böyük payıdır. Bu valyuta ilə Rusiya ehtiyac duyduğu hər şeyi alır - mikrosxemlərdən tutmuş optik alətlərə qədər. Bu qan tökülməsini maliyyələşdirən bir növ “əbədi hərəkət maşını” növüdür. Və o, dayandırılmalıdır, əks halda, müharibə heç vaxt dayanmayacaq.
Məhdudiyyətlərin imitasiya yox, Rusiyaya qarşı təsirli mexanizm olması üçün dostlarımız, müttəfiqlərimiz və tərəfdaşlarımız qarşısında qlobal sanksiyalar siyasətinin köklü surətdə yenilənməsi məsələsi qaldırılmalıdır. Və buradan çıxış etmək lazımdır ki, beynəlxalq dəniz hüququ, azad ticarət, tranzit azadlığı sülh dövründən gələn anlayışlardır. Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı Avropada müharibə dövrü üçün dəniz hüququnun müəyyən qaydalarını qismən dayandırmaq lazımdır. Bu, indi lazım olan sərt realizmdir.
Bu sual bir neçə dəfə, o cümlədən bir ay əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin Reykyavikdə, xüsusən də Danimarka hökumətinin rəhbərliyi ilə görüşündə qaldırılıb. Qətnamədə qeyd edilib ki, Rusiyanın “kölgə donanması”na neft nəqlinə icazə verilməməlidir, çünki onun satışından əldə olunan gəlirlə Rusiya Ukraynadakı müharibəni maliyyələşdirir. Bu, doğrudur. Sonra isə beynəlxalq dəniz hüququna uyğun hərəkət edəcəklərinə dair bəyanat verildi. Amma işləmir.
Məsələn, xam neft bazarı necə görünür? Təxminən 60%-i Baltik dənizindəki Rusiya limanlarından gəlir ki, bu da ayda təxminən 10-12 milyon ton təşkil edir. Həmçinin, belə neftin 20%-i Qara dəniz limanlarından, 20%-i isə Uzaq Şərq və Şimal limanlarından gəlir. Bu statistikaya əsasən, məhz Baltik dənizində bu axını dayandırmaq üçün tədbirlər görülməlidir. Və ümid edirik ki, biz nəsə edə bilərik, çünki Rusiyadan başqa bu dəniz bizim dost ölkələr tərəfindən idarə olunur - onlar ya Avropa İttifaqının, ya da NATO-nun üzvüdürlər.
La-Manş həm də Böyük Britaniya və Fransanın nəzarətindədir. Liman nəzarəti tərəfindən “qara siyahı”ya salınmış tankerlərin təxminən 30%-i var. Deyin ki, siz həmin tankerlərə ətraf mühiti qorumaq üçün boğazdan istifadə etməyi qadağan edirsiniz. Və sonra onlar Böyük Britaniyadan yan keçmək məcburiyyətində qalacaqlar ki, bu da əlavə bir neçə gün çəkəcək və Rusiya üçün tranzit bahalaşacaq...
İlk növbədə Rusiyanın neft satışından pul qazanmasının qarşısını almaq üçün tədbirlər görülməlidir. Əminəm ki, bu, baş verəcək. Ancaq sual odur: nə vaxt?
Müəllif: Andrey Klimenko - Ukrayna Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun rəhbəri
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Tarix: 29-11-2024, 09:05