Ötən həftə “Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədovun dələduzluq maddəsi ilə 5 il şərti cəza alması ilə bağlı oxucularımıza məlumat vermişdik.
Həmin materialda bildirmişdi ki, Seymur Məmmədov “Sumqayıt Bulvar” MMC-nin baş direktoru vəzifəsinə təyinat almazdan cəmi bir neçə ay əvvəl Bakı Apellyasiya Məhkəməsində dələduzluq maddəsi ilə mühakimə olunub və barəsində 5 il müddətinə şərti həbs hökmü çıxarılıb.

Məsələ ilə bağlı Yenicag.az-a daxil olan məlumatda bildirilir ki, Seymur Məmmədovu “Sumqayıt Bulvar” MMC-nin baş direktoru vəzifəsinə təyinatı Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun birbaşa himayəsi və qərarı əsasında gerçəkləşib. Seymur Məmmədov həmin quruma öncə baş direktorun müavini, daha sonra isə baş direktor təyin edilib.

Daxil olan məlumatda xüsusi vurğulanır ki, “Sumqayıt Bulvar” MMC-nin baş direktoru yaxın ətrafındakı şəxslərlə söhbətində onun himayədarının Zakir Fərəcov olduğunu açıq şəkildə bəyan etməkdən çəkinmir.
Yenicag.az-a daxil olan digər iddiada o da bildirilir ki, “Sumqayıt Bulvar” MMC-nin sabiq baş direktoru Yavər Vəliyevin vəzifəsindən çıxarılması da Seymur Məmmədovun keçmiş patronu üçün hazırlatdığı “torba”nın sayəsində baş tutub. Belə ki, Yavər Vəliyevin vaxtilə Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkdirməsi ilə bağlı ölkə mətbuatına məlumatın məhz Seymur Məmmədov tərəfindən ötürüldüyü iddia edilir.


Məsələ ilə bağlı araşdırmamız davam edir. Bu barədə növbəti materialda Seymur Məmmədovun Sumqayıt bulvarında apardığı “yeniliklərlə” oxucularımızı tanış edəcəyik.
www.yenicag.az