“Söyüşü, açıq-saçıqlığı filmlərdə yersiz işlədənlər “layk dəllallarıdır” - AKİ katibi

“Söyüşü, açıq-saçıqlığı filmlərdə yersiz işlədənlər “layk dəllallarıdır”
“Sənət əsərində açıq-saçıqlıq və yolverilməz ifadələr bir fənd olaraq həmişə olub. “İncil”-də “Mahnılar mahnısı” bölümü var, orada indiki baxışla desək açıq-saçıq səhnələr var. Orada qadın bədəninin gözəlliyi bir metafora kimi təsvir olunub. Dünya şöhrətli kinorejissorlar çəkdikləri filmlərdə qəhrəmanların dəyərlərini, yaşadığı mühiti göstərmək üçün söyüşlərdən istifadə edirlər. Bunun ən məşhuru Tarantinodur. Onun qəhrəmanları kriminal adamlardır. Müəlliflər onların danışığını, dünyanın əxlaqını göstərmək üçün söyüşlərdən istifadə edir”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinoprodüsser Əli İsa Cabbarov deyib. O daha sonra əlavə edib.

“Burada bir özəllik də var. Hər cəmiyyətin öz dəyərləri var. Rusiya cəmiyyətində məişətdə ana söyüşü qəbul edilmişdir. Amma bu ana söyüşü hər dəfə qəbul olunmur. Bizim cəmiyyətimiz üçün bu söyüşlər yolverilməzdir və çox ağır nəticələrə gətirib çıxara bilər. Hər bir cəmiyyət özünün dəyərlərinə uyğun qərar verməlidir. Amerika kinosu indi bu vəziyyətdədir. Amma 50-60-cı illərdə filmlərdə aktrisanın sinəsinin düyməsi açıq olduğu halda filmi yayıma buraxmaya bilərdilər. Açıq-saçıqlıq zaman-zaman gəldi onların filmlərinə. Bizim də cəmiyyətimizin müəyyən oturuşmuş dəyərləri var. Vətən müharibəmizin əsas səbəblərindən biri də odur ki, toplum olaraq ailəmiz güclüdür. Ailə güclü olanda demoqrafik artım da güclü olur. Qafqazda ən böyük nüfuz sahibi bizik. Proqnozlara görə 2050-ci ildə azərbaycanlıların sayı Qafqazın 70 faizi qədər olacaq. Ona görə də biz Azərbaycan ailəsini qorumalıyıq. Filmlərdə əgər sənət, zövq, yaradıcılıq cəhətdən hansısa qəhrəmanın söyüş yaxud etik olmayan ifadə işlətməsi qaçılmazdırsa, yaradıcı, psixoloji cəhətdən bunun bəraəti varsa, o filmin əvvəlində 16+yazılmaq şərtilə işlədilə bilər. Bundan əlavə yutubda da 16+ yazılmalı və efirdə gecə yayımlanması şərtilə ola bilər. Filmin məzmunu bunu tələb edirmi? Yaradıcı səbəb varmı buna? Yoxsa sən sadəcə olaraq “layk” yığmaq üçün işlədirsənsə, bu lazımsızdır. Mən onları “layk dəllalları” adlandırıram. Bu səbəbdən edirsənsə yolverilməzdir. Bizim köhnə filmlərimizdə də belə hallara rast gəlinib. Amma ehtiyyatla, yeri düşəndə deyilib. Söyüş o zaman filmlərdə istifadə oluna bilər ki, orada yaradıcı, dramaturji, kreativ səbəb var. Bu zaman heç kim ona etiraz edə bilməz. Çünki hər şey yerindədir. Söyüş yerində olmayanda etiraz doğurur”, - deyə o bildirib.
Tarix: 15-05-2024, 23:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}