2020-ci ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək.
Hər dəfə olduğu kimi bir çox partiyalar yenə deputatlığa namizədlərini irəli sürəcəklər. Milli Məclisdə təmsil olunan partiyaların demək olar ki, əksəriyyəti seçkilərdə iştirak edəcək. Məsələn, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı, Azərbaycan Sosial Demokratik Partiyasının sədri, deputat Araz Əlizadə, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli, Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa artıq seçkidə iştirak edəcəyini bildirib.
Maraqlıdır, hazırda Milli Məclisdə təmsil olunmayan partiyaların növbəti parlament seçkiləri ilə bağlı qərarı necə olacaq? Partiyalar seçkidə iştirak edəcəkmi?
Cebhe.info bununla bağlı hazırda parlamentdə təmsil olunmayan partiyalar arasında sorğu keçirib.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev seçkilərin vaxtından daha tez olacağını deyərək nəticələrin saxtalaşdırıldığını düşünəcəkləri təqdirdə seçkilərdə iştirak etməyəcəklərini bəyan edib:
“Fikrimcə, seçkilər daha tez olacaq, 2020-ci ildə olmayacaq. Bu vaxta qədər biz müxtəlif kateqoriyalı seçkilərdə iştirak etmişik və hamısının nəticələri saxtalaşdırılıb. Əgər hakimiyyət ciddi dəyişikliklərə getməsə, siyasi iradə əvvəlcədən nümayiş etdirilməsə, növbəti parlament seçkiləri də əvvəlki seçkilərin təkrarı olacaqsa, iştirak etmək fikrimiz yoxdur”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev seçkilərdə iştirakı hər bir partiyanın öncəliyi kimi xarakterizə edib:
“İstənilən seçkidə iştirak hər bir siyasi partiyanın prioriteti olmalıdır. Əlbəttə ki, biz də parlament seçkilərində iştirak edəcəyik və hazırlıqlara başlamışıq. Xüsusilə təşkilatlanmanı gücləndiririk. Hətta növbədənkənar parlament seçkilərinə belə özümüzü hazırlayırıq. Əgər bu gün parlamentin fəaliyyətindən narazıyıqsa, Milli Məclisin tərkibinin dəyişməsinə çalışmalıyıq. Dəyişmənin tək yolu da demokratik qüvvələrin seçkilərdə iştirakıdır. İstənilən halda hədəfə çatmanın yeganə sivil yolu seçkilərdə iştirak, şəffaflığın təmininə çalışmaq, səsləri qorumaqdır. Qısası, seçkilərdə var gücümüzlə iştirak edəcəyik”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov qeyd edib ki, seçkilərdə iştirak MŞ-nın qərarından asılıdır:
“Baxmayaraq ki, nəticələr heç də həmişə bizim xeyrimizə təsdiq olunmayıb, amma AMİP bütün seçkilərdə iştirak edib və müəyyən qədər uğur qazanıb. Mənə elə gəlir ki, ölkədə seçki mühitinin indiki durumu insanları bir qədər çəkindirsə də, partiya olaraq seçkilərdə iştirakla bağlı qərarımız boykot olmayacaq. Amma seçkilərdə iştirak edib-etməməyi Mərkəzi Şura qərarlaşdırır. Mən şəxsən iştirakın tərəfdarıyam, amma qərarı partiyanın Mərkəzi Şurası verəcək. Yəqin ki, seçkiqabağı iştirak edib-etməyəcəyimiz daha da dəqiqləşəcək”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mütləq şəkildə seçkilərdə iştirak edəcəklərini diqqətə çatdırıb:
“Parlament seçkiləri ölkə həyatı üçün olduqca vacibdir. Ona görə də siyasi partiya olaraq bu seçkilərdə iştirak etmək bizim borcumuz, öhdəliyimizdir. Çünki parlamentdə təmsil olunmaqla bir çox məsələləri həll etmək mümkündür. Düşünürəm ki, növbədənkanar olmasa, seçkilərdə iştirak edəcəyik”.