Müxalifətin əsas uğursuzluğu


Azərbaycan müxalifətinin əsas uğursuzluğu həqiqi siyasətlə idealizm arasında ilişib qalması oldu. Elə bütün məğlubiyyətlər də bu fonda baş verdi.

Halbuki, ideal adlandırılan siyasətin özü də idealizmi qəbul etmir və bütün gedişlərin reallıqlar üzərində qurulmasını təşviq edir. Reallıq ilə idealist hisslər arasında qalan müxalifətin vəziyyəti, depressiyaya düşmüş insanı xatırladır.

Satılmaqda, satqınçılıqda ittiham edilmək və bu ittihamlarla tərəfdar itirmə qorxusu onu reallıqdan və baş verən hadisələrin real təhlilindən uzaqlaşdırır.

Əvəzində sırf bu qorxularla saman altından hakimiyyətlə aparılan bütün dialoqlar fiasko ilə nəticələnib, açıq aparılmayan bu dialoqların bədəlini son nəticədə elə müxalifət özü ödəyib.

Bu gün reallığın diqtə etdiyi siyasət və qaydalar fərqlidir. Qarşı tərəflə dialoqlarda onu satqınçılıqda ittiham edən və edə biləcək şəxslərin əksəriyyəti indi qarşı tərəfdədir, tərəfdar itirmə qorxusu yaşamaq yersizdir, çünki son 20 ildə kifayət qədər tərəfdar itirilib. Yerinə başqa qruplar və maraqlar yaranıb, qlobal və lokal siyasətdə yeni qaydalar, yeni fikirlər formalaşıb.

Əslində müxalifət şəxsi münasibətlər zəminində hisslərin deyil, reallığın işığında hərəkət etsəydi, bir çox mövqesini bu qədər asanlıqla itirməzdi.

Siyasət birjası

Siyasətə heç bir halda idelojik deyil, liberal olaraq yanaşmaq lazımdır. Siyasət həm də ictimai reytinq birjasıdır, böyük əksəriyyət tamaşaçı-səhmdardır və yatırımını, səsini, mövqeyini inkişaf edə biləcək qüvvədən yana qoyur.Siyasətdə reytinq əsla stabil olmur, günə,hadisələrə və aktual mövzulara görə dəyişir.

İnsanlar birjada səhm alarkən şirkətin keçmiş və gələcək fəaliyyətinə görə qərar verirlər, şirkətin fəaliyyətinə, hadisələrə və hansısa böhrana reaksiya çevikliyinə görə qiymətləndirirlər. Şirkətlərin hissələri birjada davamlı əl dəyişir, ucuzlaşır və bahalaşır.

Əksəriyyət öz hissəsini alır-satır, səhmini satmayan və stabil saxlayan isə, ancaq o şirkətin qurucuları və işçiləri olur.
Siyasətdə də belədir. Siyasətçilər də uzun illər eyni səngərdə qalmalı deyillər, daha çox manevr etməyi, fikir və mövqe dəyişməyi, inkişaf etdirməyi bacarmalıdırlar.

Siyasi partiya və ya hər hansı siyasi ideologiyanın tərəfdarları stabil deyil, zamana görə çoxala, azala bilər. Çünki insanlar, bütövlükdə cəmiyyət bir çox halda mövqeyini, partiyasını, fikirlərini dəfələrlə dəyişir. Bu bir zərurətdir,insanın təbiətindən gələn zərurət. İnkişaf zərurəti.
İnsan səhv edərək təcrübə toplayır, təcrübə topladıqca inkişaf edir.

Təbii ki, bütövlükdə müxalifətin uğursuzluğunda ən böyük məqamlardan biri də aparıcı müxalif siyasi partiyaların son 25 ildə hakimiyyətdən daha çox özünə rəqib olaraq gördükləri digər müxalif partiyaları sıradan çıxartma cəhdləri və bir-birilərinə qarşı hədsiz aqressiya olub.
Siyasi hakimiyyətə qarşı birlikdə ciddi alternativ qüvvə yaratmaq yerinə iqtidarla danışıqlar aparmaqla rəqib gördükləri partiyaların zəifləməsinə çalışıblar.

Müxalifət partiyalarının bir-birinə vurduğu zərbə kifayət qədər çoxdur və bu dava-dalaş, tərəf olan bütün partiyalara ictimai nəzərdə reytinq itirdib.

Nəticədə bir dönəmin aparıcı müxalifət partiyaları sayılan AMİP, ALP, ADP tamamilə sıradan çıxıb, AXCP Əbülfəz Elçibəyin vəfatından sonra dəfələrlə parçalanıb, Müsavat Partiyası isə gurultulu istefalarla büdrəyib.

Bir qrup gənc intellektualın qurduğu REAL partiyası isə hər konstruktiv addımında qaragüruhçuların intensiv təhqirlərinə məruz qaldığı üçün daha ehtiyatlı davranır.

İnsanlar fikir müzakirəsini ağız və sözdalaşına çevirənlərdən yorulub. Aynaya baxmaq lazımdır, elə indi əsl zamanıdır.

Bəlkə də ayna qırıqdır artıq…

Elnur Məcidli
Tarix: 27-06-2019, 00:06
Xəbəri paylaş





Xəbər lenti