Bəşər Əsədin Suriya müxalifləri tərəfindən devrilməsi və bu ölkənin gələcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Digər tərəfdən, cavabsız suallar da var. Bu suallardan bizim üçün ən aktualı Suriya-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlıdır: Azərbaycanın Suriyadakı proseslərə baxışı necədir? Bakı-Dəməşq münasibətləri necə olacaq? Azərbaycan Suriyada Bəşər Əsədin devrilməsinə qədər müəyyən mənada ortaq hərəkət edən, Əsəd sonrası isə maraqları kəsişmə ehtimalı olan müttəfiqləri İsrail və Türkiyə arasında uzlaşmaya necə nail olacaq?
Erməni dostu Bəşər Əsəd
Azərbaycanın münaqişələr və siyasi proseslərə baxışı birmənalıdır. Rəsmi Bakı bütün münaqişələrin və siyasi proseslərin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir.
Bakı ilə Dəməşq arasında isti münasibətlərin olduğunu deyə bilmərik. Xüsusilə Bəşər Əsədin ermənipərəst mövqeyi, Ermənistanla yaxın münasibətlərdə maraqlı olması bunu deməyə əsas verir. İki ölkə arasında illərlə hərbi əlaqələr olub. Misal üçün, İkinci Qarabağ müharibəsində yüzlərlə erməni əsilli Suriya vətəndaşı öncə Ermənistana, oradan isə işğal altındakı Qarabağa gələrək Azərbaycan ordusuna qarşı döyüşüb. Bu ermənilər həm də Əsəd rejiminə xidmət edən hərbçilər, xüsusi təyinatlılar idi.
Ermənistan hərbçiləri illərlə Hələbdə xidmət edib, təlimlərdə yer alıb. Bu prosesi isə həm Əsəd rejimi, həm də Ermənistan hakimiyyəti minatəmizləmə kimi qələmə verirdi. Ən diqqətçəkən detal isə 2019-cu ildə yaradılan Nubar Ozanyan adına terror qruplaşmasının həm Suriya, həm Ermənistan xüsusi xidmət orqanları ilə yaxın təmasda olmasıdır.
Əsədin anti-Azərbaycan mövqeyinin digər səbəbi Ankara-Bakı münasibətləridir. Bu əməkdaşlığı əsassız şəkildə özü üçün təhdid görən Əsəd Bakıya qarşı bütün anti-kampaniyalarda ermənipərəst mövqeyi ilə seçilib. Misal üçün, Suriya İƏT çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələrin qəbuluna mane olmağa çalışıb və qəbul edilən sənədlərə qoşulmayıb.
Rəsmi Bakı Əsədin devrilməsini həm Suriya, həm də Bakı-Ankara münasibətləri üçün müsbət hadisə hesab edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı da təsdiqləyir. Belə ki, ölkə liderləri regionda baş verən ən son prosesləri müzakirə ediblər. Xüsusilə Prezident İlham Əliyevin bölgədəki son proseslərdən məmnunluğunu ifadə etməsi diqqət çəkir.
Türkiyənin mövcud proseslərin pərdəarxasındakı əsas aktor olması bəlli idi. Bakı müttəfiqi Ankaranı digər məsələlərdə olduğu kimi, burada da dəstəkləyir. Bu hadisə həm də bir müddətdir münasibətlərdəki soyuqluğu aradan qalxdığının göstəricisidir. Müəyyən fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan-Türkiyə müttəfiqliyinə xələl gəlməyib.
İki müttəfiqin toqquşması riski
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı qədər Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri, bu ölkənin Prezidenti İshaq Hersoq və xarici işlər naziri Gideon Saar ilə müzakirə aparması da mühüm məqamdır. Məsələ ondadır ki, Bəşər Əsədin devrilməsinin ABŞ, Türkiyə və İsrailin ortaq hədəfi olduğu deyilir. Amma hazırda Ankara və Təl-Əvivin mövqeləri üst-üstə düşmür, ciddi fikir ayrılıqları var.
Bakının Təl-Əvivlə Ankara arasında diplomatik təmasları intensivləşdirməsi bir mənaya gəlir: Azərbaycan Türkiyə və İsrail arasında anlaşılmazlıq yaranmaması və mümkün insidentlərə yol verilməməsi üçün çalışır, vasitəçilik edir.
Əslində, Bakının Təl-Əviv və Ankara arasında vasitəçilik səyləri yeni deyil. Yaxın tarixdə bunun müsbət və mənfi nəticələri olub. Lakin Azərbaycan iki müttəfiq arasında seçim etmək istəmir və etməyəcək. Buna görə də bütün diplomatik səylərini mövcud gərginliyin aradan qaldırılması üçün səfərbər edib.
“Nəsimi diplomatiyası”
Azərbaycan böyük ehtimalla Suriya ilə bir müddət təmkinli olacaq. Keçid hökuməti və yeni seçkilərdən sonra Dəməşq-Bakı münasibətləri formalaşa bilər. Daha dəqiq desək, Bakının Talibana qarşı tutumu və təmasları Suriya üçün də tətbiq edəcəyini demək mümkündür.
Lakin Suriya ilə Azərbaycan arasında mühüm bir diplomatik yenilik ola bilər. Bunu şərti olaraq “Nəsimi diplomatiyası” adlandıra bilərik. Məlum olduğu kimi, Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin məzarı Suriyadadır. Nəsiminin nəşinin Azərbaycana gətirilməsi iki ölkə arasında mədəni və diplomatik münasibətlərin inkişafı üçün müsbət addım ola bilər. Yeri gəlmişkən, Şamaxıdakı yeni məqbərə Nəsiminin məzarı üçün uyğundur.
Müəllif: Politoloq Turan Rzayev,
Siamaz.com
Tarix: Dünən, 21:12