Bu çarx belə işləyib, cənab nazir! - REPLİKA

Bu çarx belə işləyib, cənab nazir! - REPLİKA
"Yanlış məlumatlar süni gözəllik standartlarının yaranmasına səbəb olur.

Media nümayəndələri burdadır deyə fürsətdən istifadə edib bir çağırış etmək istəyirəm. Gəlin, öz xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirək. Gözəllik anlayışı nədir, onun tarixinə baxaq, gözəllik standartlarının müəyyənləşdirilməsində milli xüsusiyyətlərimizi nəzərə alaq”.

Bu fikirlər səhiyyə naziri Teymur Musayevə məxsusdur.

Hörmətli səhiyyə naziri elə belə də deyib.

Dediklərini analiz eləsək, doğru məqamlar var. Nədən ki, plastik əməliyyatlar zərurət, fiziki problemin aradan qaldırılması həddini çoxdan aşıb.

Cəmiyyətdə plastik cərrahiyyə ilə bağlı psixoz yaranıb. Sanki bədən şəkilləndirmə, liposaksiya, üz gərmə, nə bilim dodaq şişirtmə etdirməyənə "pis baxırlar".

Cəmiyyət bu məsələdə psixoz yaşayır. Bunu görmək üçün plastik cərrahların qapısı ağzındakı növbələrə, aylar əvvəldən tutulan əməliyyat vaxtlarına nəzər salmaq yetərlidir.

Bəs elə bazar bu cür yaranır, cənab nazir. Tələb və təklif məsələsi bazarı formalaşdıran əsas amildir.

Elə bu cür tələb yarandığı üçün də qeyri-ixtisas sahibləri, hətta qeyri-peşə sahibləri bazara doluşub, plastik cərrah olmaq istəyirlər. Məsələ elə budu.

Belə yerdə də maarifləndirmə yox, NƏZARƏT önə keçir.

Bu psixoz necə yaradılıb?

Əvvəlcə, bu adamlar hansısa yollarla diplomlar alıblar. Sonra yenə hansısa yollarla özlərinə klinikalar yaradıblar. Sonra bu klinikalara xəstələr cəlb ediblər və o xəstələrin çoxu da qurbana çevrilib. Bu sonuncunu hansı yolla etdiklərini isə biz bilirik.

Hansısa yollarla əldə etdikləri diplom və klinika lisenziyası ilə "əməliyyatlar" keçirib pullanıb, o pulla televiziyalarda, instaqramda reklamlar edib, daha çox qurban tapıblar. Daha çox xəstə, daha çox pul, daha çox reklam.

Bu sahədə pul olduğunu görən başqa işbazlar da eyni yollarla təşrif gətiriblər. Rəqabət qızışdıqca, reklam da artıb.

Qurbanların səsini batırmaq üçün də reklam və piar artıb.

Hər şeyin artığı fəsad yaradır. Reklamın artığı kütləvi psixoza səbəb olur.

Bu çarx belə işləyib, cənab nazir! Bu çarxın belə işləməyi isə "hansısa yollardan" başlayıb.

Maarifləndirmə təklifi əladı. Maarifləndirək, qayıdaq köhnə görünüşə.

Qayıdaq e, sual budu ki, o üst-başa yığılanları kim söküb yığışdıracaq. Yenə eyni "plastik cərrahlar"?)

P.S. Bir məsələni xüsusi qeyd eləməyə ehtiyac var. Azərbaycanda plastik cərrahiyyə üzrə peşəkar klinikalar və ixtisaslı həkimlər var. Və onlar Azərbaycanın səhiyyə turizmi üçün ən yaxşı nümunələridirlər. Bu sahənin təmizlənməsində birinci onlar maraqlı olmalıdır.

Lent.az
Tarix: Dünən, 21:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}