Əmlak məsələləri Dövlət Xidməti hazırda ölkədə formalaşdırılan 1606 bələdiyyədən 1060-na xəritələrin təqdim etdiyini elan edib. Bununla yanaşı 120 bələdiyyənn xəritəsinin üzərində işlərin getdiyini bildirib. Bizim bu istiqamətdə apardığımız araşdırmalardan belə qənətə gəlmək olar ki, qeyd edilən 1060 rəqəmi heç də bir reallığı əks etdirmir. Bakı şəhərində formalaşan 53 bələdiyyənin heç birinə, ümumiyyətlə, xəritələr təqdim edilməyib. Onu deməyi özümə borc bilirəm deyim ki, təsdiq edilərək bələdiyyələrə təqdim edilən xəritələrin xeyli hissəsi problemlidir. Bir çox hallarda çıxılmaz vəziyyətdə qalan bələdiyyə sədrləri məcburiyyət qarşısında qalaraq xəritəni qəbul etmək zorunda qalıblar. Ən ağrılı problem isə xəritələrə bələdiyyə mülkiyyətinə aid torpaqların məhdud şəkildə qeyd edılməsidir. Əksər ərazilər konkret olaraq dövlət torpağı kimi göstərildiyindən artıq indidən bələdiyyələrə süni problem yaradıldığını ehtimal etmək olar. Yəni dövlət torpaqlarında fəaliyyət göstərən sahibkarlıq subyektləri istər-istəməz torpaq vergisini də fiziki şəxs olaraq dövlət büdcəsinə ödəməli olacaqlar. İndisə hər kəsi narahat edən bir məsələyə toxunmaq istərdim. Yəni vətəndaş fərdi yaşayış sahəsi üçün bələdiyyəyə müraciət etdikdən sonra proses necə getməlidir və bu məqamda ləngimələr hansı istansiyada baş verir.
Demək vətəndaş bələdiyyəyə müraciət etdikdə bələdiyyə vətəndaşa satmaq niyyətində olduğu torpağı xəritəsi təqdim edilmədiyi üçün ilk növbədə özü tanıtdırmalı və çıxarış almalıdır. Bunun üçün ilk olaraq "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə və rayon icra hakimiyyətinin memarlıq şöbəsinə rəy verilməsi üçün müraciət edir. Bələdiyyənin təqdim etdiyi ərazinin kadastr xidmətinin əməkdaşı dörd nöqtə üzərində torpaq sahəsiylə bağlı bütün məlumatları toplayır və bələdiyyəyə təqdim edir. Bu xidmət pulludur və son illərdə xidmət haqqı 60 manatdan 236 manatdək artırılıb. Təəssüf ki, hansı səbəbdən tariflərin artırlıması məlum olmasa da hər halda keyfiyyət dəyişikliyi baş verməyib. Bundan sonra bələdiyyə öz növbəsində icra hakimiyyətinin memarlıq şöbəsinin rəyini, həm də “kadastr”dan aldığı cavabı çıxarış alınması üçün yenidən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə göndərir. “Resyestr” isə öz növbəsində daxili təlimata əsasən Əmlak məsələləri Dövlət Xidmətinə rəyin verilməsi üçün göndərir. Əlavə edim ki, bir sıra RİH başçlarının rəyləri hansısa maraq naminə ləngitdiyi barədə məlumatlar da eşidilməkdədir. ƏMDX bu rəyi torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsi verir. Onu da xatırladaq ki, əvvəllər o rəyi çox az müddət ərzində fəaliyyət gostərmiş və özünü döğrultmadığına görə ötən il Prezidentin fərmanıyla ləğv edilmiş Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi veirirdi.
Beləliklə, bələdiyyənin vətəndaşa satmaq niyyətində olduğu on sot torpaq sahəsinə görə sənədlər bir xidmətin müxtəlif instansiyalarında dolaşır, əslində isə “dolaşdırılır”. Üstəlik bələdiyyənin “kadastr” xidmətinə görə 236 manat, “reyestr”dən çıxarışa görə 226 manat, üstəlik “forma 1” arayışınıa görə isə 130 manata ödəməli olur. Əalvə edim ki, “forma 1” arayışının qiyməti 40 manatdan 130 manatadək artırılıb.
Əslində bələdiyyənin “kadastr” və “reyestrdən” elə də narazılığı yoxdur. Bələdiyyələrin və vətəndaşalrın əsas narazılığı Əmlak məsələləri Dövlət xidmətindən verilən rəylərin vaxtında verilməməsiylə bağlıdır. Əslində o rəyə heç ehtiyacda yoxdur. Bir haldaki bir bazada bütün məlumatlar görünürsə yenidən rəsmi cavabın verilməsinə nə ehtiyac var?
Beləliklə, hər vəchlə proses ləngidilir. Niyə ləngidirlir, bunun səbəbini özlərindən başqa bir kimsə bilmir. Nəticədə vətəndaş bələdiyyədən narazı qalır. Bələdiyyə isə vətəndaşa prosesin ondan asılı deyil, məhz Əmlak məsələləri Dövlət Xidmətinin yaratdığını izah etsə də mənası olmur, çünki vətəndaş ilk olaraq bələdiyyəyə müraciət edib və torpağı də bələdiyyədən alır.
Beləliklə, Əmlak məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarının “keyfiyyətli və operativ” fəaliyyəti bələdiyyənin sakinlə qarşı qarşıya qoyur. Bu prosesdə əsas narazılıq Əmlak məsələləri Dövlət Xidmətinin özündən və bəzi icra hakimiyyəti başçısı aparatının memarlıq şöbəsindən gedir. Ən maraqlısı odur ki, şəhid və qazi ailələri müraciət etdikdə bələdiyyə bütün prosesləri təmənnasız edir, yəni rüsumu bələdiyyə öz vəsaiti hesabına etdiyi halda Əmlak məsələləri Dövlət Xidməti torpağın şəhiq və qazi ailəsinə satılacağını bidliyi halda bələdiyyədən o rüsumları alır, yəni güzəşt tətbiq etmir. Maraqlıdır ki, xidmət bununla bağlı Tarif Şurasına niyə təkliflə çıxış edib bu məsələsi qaldırıb öz reytinqini artırmır. Hər halda təklif irəli sürülsə yaxşı olardı.
Beləliklə, məsələ ondadır ki, Əmlak məsələləri Dövlət Xidmətində bələdiyyələrə xəritələrin verilməsindən başlamış, vahid elektron xəritə bazasının hələ də formalaşdırılmaması nəticə etibariylə probemi artırmaqdadır. Necə ola bilər ki, xidmətin bir qurumundakı xəritəsi ilə digər bir qurumdakı xəritələr arasında fərq olsun. Və ya şəhərin mərkəzində örüş sahəsi necə ola bilər...
Fakt odur ki, ciddi problemlər var. Və bu problemlərin bir çoxunu süni şəkildə yaradılan problemlər olduğunu da gəlin etiraf edək.
Sual olunur. Niyə İqtisadiyyat Nazirliyinin bir qurumu və əvvəllər neqativlə dolu fəaliyyəti ilə seçilən Dövlət Vergi Xidmətinin fəaliyyəti bu gün qənaətbəxş hesab olunur və digər orqanlara örnək göstərlir, əksinə Nazirliyinin Əmlak məsələləri Dövləti Xidmətində əyər-əskiklər düzəlmək bilmir. Halbuki bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyun 2021 tarixli imzaladığı Fərmanı əslində bu qurumun fəaliyətində dönüş yaratmalıydı. Amma təəssüf edirəm ki, hələ bu dönüş hiss edilmir. Nəticə də vətəndaş narazı qalır və təəssüf ki narazlığı artmaqdadır. Ümumiyyətlə, ilkin çıxarışın verilməsində bu qədər süründürməçilik kimə lazımdır? Bunu bir pəncərə sistemiylə həll etmək olmazmı? Bu qədər ötür-ötür oyunun saxlanılması kimə xidmət edir. Bilən varmı?
Yeri gəlmişkən, məhz cənab Prezidentin adıçəkilən Fərmanından sonra Əmlak məsələləri Dövlət Xidməti paytaxtın Təbriz küçəsi 10 ünvanında yerləşən Nərimanov bələdiyyəsinin inzibati binasına on beş gün ərzində binaya heç bir aidyyəti olmayan şəxsə çıxarış. Maraqlıdır ki, çıxarış bina söküləndən sonra verilib. Üstəlik bina söküldüyündən ƏMDX həmin şəxsə texniki pasport belə verə bilməyib.
Rəy verilməsi üçün bələdiyyələri aylarla gözlədildiyi halda, Əmlak məsələləri Dövlət Xidməti tərəfindən hansısa “şəxsə” on beş gün ərzində tələm-tələsik çıxarış verilir. Budurmu Prezident Fərmanının icrası. Nə isə...
Bizim məqsədimiz cənab Prezidentin irəli sürdüyü əsas məqamı, yəni “məmur xalqın xidmətçisidir” fikrini bir daha müəyyən orqanların diqqətinə çatdırmaq və bu fikrin real olması üçün bütün qurumların çalışmasına nail olmaqdır.
Düşünürəm ki, hörmətli Mikayıl Cabbarov digər sahələrdə yaratdığı şəffaflığı və sistemi Əmlak məsələləri Dövlət Xidmətində də yaradacaqdır. Buna qəti əminəm...
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
Tarix: 12-09-2022, 11:16