Daxmada yaşayan ailəyə 70 qəpiyə görə “cəza” kəsilib - QALMAQAL

Daxmada yaşayan ailəyə 70 qəpiyə görə “cəza” kəsilib
Paytaxtın Əliağa Vahid küçəsi 11, mənzil 14 ünvanında yaşayan Xalid Cavadov haqsız olaraq sosial yardımının kəsilməsindən şikayətçidir. AYNA-ya müraciət edən vətəndaşın sözlərinə görə, bu səbəbdən 5 nəfərdən ibarət olan ailəsi acınacaqlı vəziyyətə düşüb.

“30 kv. metrlik sahəsi olan, nəmişlik, rütubət içində olan evdə yaşamaq mümkün deyil. Yağış yağan vaxtlar uşaqlar səhərə qədər oyaq qalırlar. Elə bil, evin içərisində deyil, küçədə otururuq, yağış evin içirisinə yağır. Uşaqların geyimlərini demirəm, yeməklərini belə, təmin edə bilmirəm. 6 ay idi ki, sosial yardım alırdım, bizə tam olmasa da, müəyyən qədər kömək olurdu. Onu da dayandırdılar”, - deyə şikayətçi bildirir.

Hadisə isə belə baş verib: “Qardaşımgilin evi bizimlə qonşuluqdadır. Lakin uzun müddət idi, orada yaşamırdılar. 3 ay əvvəl evlərinə qayıtdılar və evlərinin istilik sistemləri yox idi deyə, bizim evin qaz xəttindən özlərinə qaz çəkdilər, ayrıca sayğac və qaz üçün də “ASAN xidmət”ə müraciət etdilər. Müraciətə baxılana və müraciət təmin olunana qədər, yəni üç gün onlar bizim qaz xəttindən istifadə etdilər, çünki evdə körpə uşaqları var, soyuqda evlərində dayanmaq mümkün olmurdu. Həmin üç gün ərzində qazpulu heç 70 qəpik yazmamışdı. Həmin ərəfədə Nazirlikdən nümayəndələr gəldilər və bizə dedilər ki, “sizin qaz xəttindən qardaşınızgilə xətt çəkildiyi üçün sosial yardımınız dayandırılır””.

“Artıq üç aydır sosial yardım ala bilmirik, vəziyyətimiz çox acınacaqlıdır. Bizə kömək edin, sosial yardımın bərpa olunmasına yardımçı olun”, - deyə X.Cavadov bildirir.

AYNA əməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxlayıb. O, şikayətçinin özünün istifadə etdiyi qaz xəttindən qardaşıgilin evinə qaz xətti çəkdirdiyini deyib.

“Sosial müavinətin verilməsi və kimlərə şamil olmasına dair müəyyən şərtlər mövcuddur ki, həmin şərtlərdən kənara çıxmaq olmaz. Şikayətçinin sosial yardımının kəsilməsinin də səbəbi mövcud olan şərtlərdən kənara çıxması olub”, - Talıblı bildirib.

“Artıq qaz xətti ayrıdır və onlar qardaşı ilə birgə təsərrüfata malik deyillər, bu səbəbdən ünvanlı sosial yardım bərpa oluna bilərmi” sualımızda isə ƏƏSMN sözçüsü belə cavab verib: “Əgər şikayətçi pozduğu şərtləri aradan qaldırıbsa, sosial müavinət üçün yenidən müraciət edə bilər”.

Ümid edək ki, ailəyə təyin olunan ünvanlı sosial yardım bərpa ediləcək...
Tarix: 20-12-2019, 10:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}