“QARABAĞIN TİKİNTİSİNƏ ƏHALİNİ CƏLB ETMƏK LAZIMDIR” – “Maliyyə çətinliyi açıq-aydın görünür”


Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “AzPolitika”-ya müsahibəsində ölkədəki sosial-iqtisadi durum, problemlər və onların həlli yolları, gələn ilin büdcəsi ilə bağlı Milli Məclisdə gedən müzakirələr, yeni ildən gözləntilərlə bağlı fikirlərini açıqlayıb.
Siamaz.com “AzPolitika”-ya istinadla üsahibəni təqdim edir:
- Pənah bəy, hazırda Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə olunur. Büdcə gəlirləri cari illə müqayisədə 5,3% çox - 38,316 milyard manat, xərcləri 4,1% artaraq 41, 367 milyard manat proqnoz edilir. Amma hökumətdə sanki narahatlıq var. Siz necə izahat edirsiz, hökumət nədən ehtiyatlanır?
- Maliyyə problemləri var. Neft hasilatı azalır. Publik açıqlanan rəqəmlər var, amma real rəqəmlər nədən ibarətdir? Bunu bu işlə məşğul olan şəxslər daha yaxşı bilərlər... 1990-cı illərdəki müqavilələrdə neft hasilatının 2025-ci ilə qədər azalacağı proqnozlaşdırılırdı. Amma yeni texnologiyaların tətbiqi, müəyyən qədər qalıq neftlərin çıxarılması, bir neçə yeni yatağın kəşf olunması da nəzərdə tutulurdu. Prinsip etibarilə, belə bir ümid var idi ki, nefti qaz kondensatı əvəz edəcək. Çünki qaz da dünya bazarında kifayət qədər baha qiymətə satılır. Amma biz görürür ki, son dövrlərdə Azərbaycan qazını dünya bazarında sıxışdırmağa çalışırlar. Bu barədə Qərb ölkələri müəyyən addımlar atmaqdadırlar. ABŞ-dəki administrasiya dəyişəndən sonra Trampın əsas vədlərindən biri də ABŞ ştatlarında qaz və neftin hasilatı ilə bağlı bütün məhdudiyyətlərin ləğv edilməsi barədədir. Bu da bizim qaz bazarlarımıza təsir göstərəcək. Doğrudur, biz əsasən Şərqi Avropa ölkələri ilə işləyirik, amma nəzərə almalıyıq ki, ABŞ ştatları da artıq maye qazın istehsalına keçir. İkincisi, müəyyən sanksiyalarla bağlı söz-söhbət gedir. Həm erməni lobbisi, həm də ümumiyyətlə Azərbaycana dost olmayan qüvvələr qazımıza qarşı müəyyən sanksiyalar irəli sürmək istəyirlər. Digər tərəfdən, Rusiyada, Ukraynada gedən müharibə də burada təsiredicidir. Bu ölkələr bizim aqrar sektorun ixrac bazarlarıdır. Oralarda da vəziyyət olduqca gərginləşib. Bu baxımdan, büdcəyə daxilolmalarda müəyyən gərginlik yaranıb. Bu, açıq aydın görünür. Məsələn, Qarabağdakı bərpa işlərinə baxsaq, bir sıra layihələr hələ də yarımçıq qalıb. Yarımçıq qalan layihələrlə yanaşı, bəzilərinin dondurulması və ya dayandırılması, yaxud tikintilərin ləngiməsi baş verir. Onu da deyim ki, Qarabağı bütövlükdə ağıllı şəhər, kəndə çevirmək konsepsiyası çox cəlbedici görünsə də, bu çox böyük vəsait tələb edir.
- Çıxış yolu nədir...
- Məncə, çıxış yollarından biri bu konsepsiyadan əl çəkməkdir. Bura əhalinin özünü cəlb etmək lazımdır. İnfrastruktur layihələri - yollar, su kəməri, qaz kəməri, dəmir yolları və s. aydındır. Amma şəhərlərin və kəndlərin xüsusi məskunlaşdırılması üçün lazım olan mənzil tikintisinə əhalinin vəsaitinin cəlb edilməsi, daxili resurslardan istifadə olunması bu problemi bir qədər həll edə bilər.
- Bir tərəfdən də yaşıl enerjiyə keçid məsələsi aktuallaşır...
- Gizli deyil ki, bizim əsas valyuta gəlirlərimiz neft-qaz üzərində qurulub. İndi dünyada yaşıl enerji siyasəti aparılır və neft-qazdan imtina ilə bağlı çağırışlar edilir. Bu ekologiya məsələsi də geopolitik təzyiq elementi kimi çıxış edir. Ekologiya həqiqətən də ümumbəşəri problemdir, hazırda da güclənib. Bu baxımdan, ekoloji problemlərdən istifadə olunaraq Azərbaycana qarşı müəyyən təzyiqlər də istisna deyil. Maliyyə çətinliyi isə açıq-aydın görünür. Təhlükəsizlik xərclərinin də həddindən artıq ardığını görürük. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin bu barədə çıxışı da olmuşdu ki, gələn il çətin olacaq. Bu, birbaşa maliyyə üçün də gözləniləndir və mütəxəssislərə, müvafiq strukturlara da aydındır. Problemin olduğu göz qabağındadır.
- Gələn ilin büdcəsində neftin qiyməti 70 dollardan götürülüb. Bu nə qədər obyektiv gözləntidir?
- Ümumiyyətlə, bizdə bir sıra başqa qanunlarda olduğu kimi, büdcə qanununa da tam əməl olunmur. Bu məsələ çoxdandır ki, xeyli dərəcədə yuvarlaqlaşıb, qeyri-müəyyənləşib. Neftin qiyməti 70 yox, 75 götürülsün. Nə dəyişəcək?
- Gələn il 38.3 milyardlıq büdcə gəlirini, 41 milyardlıq xərci nə qədər real hesab edirsiniz?
- Baxın, bizdə büdcəyə əməl olunur, amma büdcə üzrə nəzarət qeyri-müəyyəndir. Ona görə də gələn ilki iqtisadiyyatın sərt şəkildə tənzimlənməsi məsələsi gündəmdə deyil.
- Bu ilin 10 ayının statistikasına görə, cərimələrdən 860 milyon manat vəsait əldə olunub və bu tendensiya davam edəcək...
- Cərimə bura aid deyil, fərqli mövzudur.
- Axı büdcə gəlirlərinin bir hissəsidir...
- Fərqli, mövzudur. Çünki pulu bir ciblərindən götürüb, o biri ciblərinə qoyurlar. Əhalidən götürülən cərimənin bütövlükdə ölkənin iqtisadiyyatına hansısa həlledici təsir imkanı yoxdur. Bu, əhalinin müəyyən təbəqələrinə, vətəndaşın dolanışığına təsir edir.
- Vergi cərimələri də kifayət qədər artırıldı. Sahibkarlar Dövlət Vergi xidməti tərəfindən məhkəməyə verilir. Elə təssürat yaranır ki, qeyri-neft sektorundan əsas gözlənti cərimələrdən yığılan pullardı. Burada məqsəd nədir?
- Ölkə iqtisadiyyatı uzun müddətdən bəridir o qədər nəzarətsiz, haqsız rəqabət və hətta siyasi xarakterli monopoliyalara uyğunlaşıb ki, indi bunu nə birdən-birə tam kəsib ata bilmir, nə də ona müdaxilə etməmək də mümkün deyil. Məsələn, biz elə Qarabağdakı tikintil işlərinə baxaq. İşlər qanuna müvafiq olaraq getmədiyindən indi hamı bir-birindən borclu vəziyyətə düşüb. Büdcədə də müəyyən gərginlik yaranan kimi, iri xarici şirkətlər faktiki olaraq öz fəaliyyətlərini dayandırmağa məcbur olur. Çünki hamı bir-birinə borcludur. Bu işlər büdcədən gələn ödəmələr vasitəsilə həll olunurdu, indi büdcə də ödəmir. Çünki büdcədə qeyd etdiyim gərginliklər var. O baxımdan, ictimaiyyət əsasən cibinə təsir edən cərimə məsələlərinə diqqət edir. Amma daha vacib olan real iqtisadiyyat adlanan bir anlayışdır. Bizdə real iqtisadiyyat faktiki olaraq neft-qaz sektoru hesab olunur. Təəssüf ki, bu sahədə də problemlər qalmaqdadır. Mən bilmirəm, Mərkəzi Bankın rəhbəri orda olub-olmayıb, müzakirələrdə hansı şəkildə iştirak edib. Amma bank sektorunda olduqca ciddi problemlər var. Banklarda ödənilməyən kreditlər artır. Bu sahədə problemlər yaranıb. Vaxtilə, bilirsiniz ki, müəyyən banklarda - Beynəlxalq Bankda və s. 16 milyardlıq problem ortaya çıxmışdı. Müəyyən adamlar həbs olundu və s. Amma bu məsələnin axırına gedilmədi. Əslində bu, bütövlükdə ölkədə olan bank-maliyyə məsələləri ilə əlaqədardır. İkincisi, hamıya məlumdur ki, manatın məzənnəsi süni şəkildə saxlanılır. Bu barədə məlumatlar məxfiləşdirilib. Bizim hörmətli Milli Məclisin deputatlarının da səlahiyyətləri çatmır ki, bu barədə məlumatları olsun.
- Gələn il devalvasiya gözləyirsiniz?
- Bu barədə bir neçə ildir söhbət gedir. Amma hər halda ölkənin valyuta ehtiyatlarından istifadə olunaraq saxlanması mümkün olub.
- Mərkəzi Bankın sədri dedi ki, il ərzində qorunub saxlanacaq... 
- Hər halda bu, siyasi və təminedici məsələdir. Çünki desə ki, manatın kursu sabit saxlana bilməyəcək, dərhal ölkədə ajiotaj başlayar. Bu baxımdan, bilmək olmur. Çünki bu, ən məxfi saxlanılan sirlərdən biridir. Amma fakt budur ki, ən ciddi məsələlərdən biri manatın məzənnəsinin saxlanmasıdır. Allah göstərməsin, əgər neft-qaz sektoru ilə bağlı dünya bazarında hansısa bir ciddi dəyişiklik olarsa, mən bilmirəm, biz ona hansı şəkildə reaksiya verəcəyik.
- İstehlakçı kimi builki bahalaşmanı yəqin hiss edirsiniz. Hökumətin planı budur ki, pensiyalar 8 faiz indeksasiya olacaq. Nə gözləyirsiniz?
- Həyat səviyyəsi istər formal, istər keyfiyyət baxımından aşağı düşməkdə davam edəcək. Məişətdə işlənən məhsullar, insanlar üçün adi gigiyena vasitələri iki-üç dəfə bahalaşıb. Bu o demək deyil ki, qiymət artımı obyektiv proseslərin nəticəsidir. Azərbaycanın ümummilli sərvətindən yönəldilən milyardlar hesabına xarici valyutanın məzənnəsi dəyişmir, həmin pulla gətirilən məhsulların qiyməti qalxır. Düzdür, indi burada müəyyən məsələlər var ki, xammal ehtiyacı artır, texnologiyaların bahalaşması və s. baş verir. Amma bununla yanaşı idxal üzərindəki monopoliyanın təsiri də açıq-aydın görünür. İdxalla məşğul olan monopolistlər öz gəlirlərini azaltmaq istəmirlər. Bunun hamısı yüklənir vətəndaşın çiyninə. Mülkiyyətin əhəmiyyətli hissəsinin dövlət məmurlarının əlində olması feodalizm nümunəsidir. Sərvət elə belə sadə bir şey deyil, o həm də çox böyük problemdir. İlk növbədə ölkə daxilindəki gərginliklər aradan qaldırılmalıdır. Nə qədər “xərac” yığmaqla bu məsələləri həll etmək olar? Cərimə də xəracın bir növ leqallaşmış başqa formasıdır. Daxildə təzyiq azalmalıdır ki, xaricdən yaranmış təzyiqlər, gərginliklər qarşısında daha dayanıqlı ola bilək.
Tarix: 1-12-2024, 21:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}