Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? - AÇIQLAMA

Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? - AÇIQLAMA
Deputat Aqil Abbas Milli Məclisin oktyabrın 29-da keçirilən iclasında deyib ki, Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Onun sözlərinə görə, Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur.

Sitat: “Adam var, Xocalıda nar bağını icarəyə götürüb. Ora niyə Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də!”.

Xocalıda nə baş verir?

Globalinfo.az-a danışan əslən Xocalıdan olan deputat Elman Məmmədov deyib ki, təkcə Xocalıda yox, işğaldan azad olunmuş ərazilərdə əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün şərait yaradılır.

Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri görüldükdən, ərazi minalardan tamamilə təmizləndikdən sonra həmin yerlər iş adamlarına, sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olmaq istəyən şəxslərə icarəyə verilir:

“Torpaqlardan istifadə olunması və kənd təsərrüfatı məhsullarının istehsal edilməsi üçün torpaqlar icarəyə götürülür. Burada üstünlük doğma yurdlarına qayıdan yerli sakinlərə verilir. Eyni zamanda kənardan gələn şəxslərin də torpaq icarəyə götürməsi qadağan deyil. Bu, qanunla icazə verilən bir haldır. Artıq yerli sakinlər arasında da xeyli sayda icarəyə torpaq götürənlər var. Aqil Abbasın qaldırdığı məsələyə gəlincə, özüm hər gün Xocalı ilə əlaqə saxlayıram, tez-tez də gedib-gəlirəm. Bu gün də danışmışam, amma əhali tərəfindən narazılıq olmayıb”.

E.Məmmədovun fikrincə, A.Abbas düz deyir ki, Xocalı ətrafında olan müəyyən torpaqlar Xocalıdan olmayan sahibkarlara icarəyə verilib:

“Lakin burada qəbahət və ya pis bir şey yoxdur. Təbii ki, Xocalı sakinlərindən də kim müvafiq qurumlara torpaq icarəsi ilə bağlı müraciət etsə, onlara da torpaq veriləcək. Hətta Xocalı sakinlərinə torpaq güzəştli şərtlər əsasında verilir. Bir müddət öncə sahibkarlara müraciət etmişdim ki, iş yerlərinin açılması, şəhərin, kəndlərin bərpasında iştirak etsinlər və bütün yük dövlətin üzərinə düşməsin. Kənd təsərrüfatında yararlı torpaqların istifadə olunması üçün hər bir Azərbaycan vətəndaşına şərait yaradılmalıdır. İmkanı olan, o işlə məşğul olmaq istəyənlər Xocalı torpağını əkib-becərirsə, mal-heyvan saxlayırsa, kənd təsərrüfatı məhsulları istehsal edirsə, bu, alqışa layiqdir. Həmkarım Aqil bəy demək istəyir ki, yerli sakinlər də torpaqsız qalmamalıdır. Bunlar ciddi nəzərə alınır. Bir şey də var ki, həmin torpaqlar heç kimə əbədi verilmir. Orada fəaliyyət göstərən sahibkarlara da torpaq müqavilə əsasında verilir”.
Tarix: 30-10-2024, 12:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}