Deputat hər maşından 10 manat vergi tutulsun deyir, bəlkə özləri hər ay maaşından 500 manat vergi ödəsin?


Deputat, Böyük Azərbaycan Partiyasının sədri, hörmətli Elşad Musayev qəribə təklif irəli sürüb.  Elşad Musayev deyəsən, zaman-zaman əhalinin qəzəbinə səbəb olmuş çıxışları ilə seçilən Hadı Rəcəbliyə və digər deputatlara rəhmət oxutdurur. Belə ki, buna səbəb Elşad Musayevin sürücülərdən 10 manat vergi tutulması barədə təklif irəli sürməsidir. Deputat bildirib ki, sahibkarlığı inkişaf etdirmək üçün vergi yükünü azaltmaq lazımdır: "Məsələn bir bələdiyyənin ərazisində 30 min avtomobil var. Qanunvericilikdə dəyişiklik edək, buna imkan verək ki, hər avtomobildən ildə 10 manat əmlak vergisi götürsün".
Bu ideyanın reallaşması ayrı məsələdir, amma millət vəkili millətin maraqlarına uyğun təkliflər irəli sürməlidir. Elşad Musayevin seçiciləri arasında minlərlə sürücü də ola bilər. Deputat ən azı seçiciləri nəzərə alaraq bu təşəbbüslə çıxış etməməli idi. Axı parlament millətin məclisidir və millətin vəkilləri də orada xalqın istəklərini ifadə edirlər, problemlərini qaldırırlar. Amma bizdə deputatlar əhalinin əleyhinə olan təkliflər səsləndirirlər: gah cərimələrin məbləğini artırmaq, gah maşını olanlardan vergi tutmaq... Bir dəfə olmadı ki, parlamentdə əhalinin xeyrinə də təklif olsun. Məsələn, Elşad Musayev büdcə müzakirələri zamanı uşaqpulunun 1 manat artırılmasına etirazını bildirə bilərdi, iş yerlərinin artırılması, cərimələrin azaldılmasını deyə bilərdi. Amma əksinə, bir də maşın vergisi tutmağı təklif edir. Halbuki sürücülər il ərzində yetərincə xərcə düşürlər: texniki baxışdan keçmək, sığorta, parklanmaya, dayanma-durmaya görə cərimələr, maşının öz xərcləri... Bir də vergi tutulması o demək olacaq ki, kimsə maşın sürməsin. Axı nə vaxt xalqın da problemi barədə danışılacaq? Olmaz ki, elə deputatların maaşından ayda 500 manat tutulub vergi şəklində büdcəyə yönəldilsin? Bu da olsun parlament üzvlərinin dövlətə, büdcəyə töhfəsi... Bəlkə bu daha yaxşı təklifdir? Və bunu qanun layihəsi kimi təsdiqləmək mümkündür, hətta dövlət məmurlarını da əlavə etmək olar. Hər bir məmur və deputat aylıq maaşından büdcəyə vergi ödəsin. Bu da olsun "vəzifəli şəxslərin büdcəyə dəstəyi" haqqında qanun layihəsi. Bax, bu qərar xalqın da ürəyincə olar, hətta təşviq xarakteri daşıyar. Yəni deputat, gömrük və yaxud hansısa qurumun məmuru vətəndaşa müsbət örnək olacaq. O zaman hamı görəcək ki, onun deputatı, məmuru büdcəyə maaşından əlavə vergi ödəyir, onda sürücülər də ildə 10 manat vergi verəcək. Bu, daha ədalətli və bərabərhüquqlı olardı.

Siam-az.com
Tarix: 26-11-2024, 10:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}