AFFA-nın milyonluq sirri: 7-8 milyon manat məvacib verilməsi anormallıqdır
AFFA millimizin yeni baş məşqçisi Fernandu Santuşun maaşını açıqlamayacağını bildirib. Bu açıqlama ciddi müzakirələrə səbəb olub. Görəsən, qurumun belə bir hüququ varmı? Maraqlıdır, AFFA-nın maliyyəsi hardan gəlir ki, o, məşqçiyə verəcəyi vəsaiti sirr kimi tutur? AFFA ictimai təşkilatdırsa bütün sorğulara açıq olmalı deyilmi?
Mövzunu Globalinfo.az-a şərh edən tanınmış idman jurnalisti Natiq Muxtarlının sözlərinə görə, futbolçuların və məşqçilərin məvacibləri, adətən “kommersiya sirri” adı altında ictimaiyyətə açıqlanmır. O, bunun tərəflərin danışıqlarından asılı olduğunu bildirib: “Açıqlana da bilər, açıqlanmaya da. Bu baxımdan, AFFA Santuşun məvacibini açıqlamaya bilər. Amma bütün hallarda həm dünyada, həm Azərbaycanda mətbuat onsuz da bununla bağlı məlumat əldə edir. Artıq Santuşun Azərbaycanda nə qədər məvacib alacağı haqda məlumat yayılıb. Ona illik 3 milyon avro veriləcək. Nəticə olarsa, bonuslarla bu məbləğ 4 milyon avroya qalxa bilər. Bu məlumat etibarlıdırmı? AFFA rəsmi açıqlama yaymırsa, təkzib etmirsə, onun doğruluğuna şübhə etməməliyik. Yox, əgər doğru deyilsə, onda AFFA zəhmət çəksin, müqavilənin maliyyə şərtlərini açıqlasın. Yəni qurumun bunu sirr kimi saxlamaq hüququ varsa, açıqlamaq hüququ da var. Lakin AFFA bunu heç vaxt etməz. Niyə? Çünki onda ictimai təpki daha çox olacaq, tənqidlər artacaq”.
N.Muxtarlı deyib ki, heç bir nəticəsi olmayan yığmanın təkcə baş məşqçisinə il ərzində 7-8 milyon manat məvacib verilməsi anormallıqdır: “Onun köməkçilərini (böyük ehtimalla, ən azı 4-5 köməkçi ilə gələcək Azərbaycana) də nəzərə alsaq, bu rəqəm ildə 10 milyon manata yüksələcək. Sabiq AFFA rəhbərliyi 7 il sərasər Berti Foqtsa və dəstəsinə ildə 10 milyon verdi. İndi Santuşa veriləcək bu vəsait. Ona görə də, AFFA məbləği açıqlamaq istəmir. Böyük ehtimalla, xüsusi adamlara tapşırıq verəcəklər ki, çıxıb belə desinlər: “Santuş Azərbaycanda qəpik-quruşa işləyir”. Qoca portuqalın qəpik-quruşa Azərbaycanda işləyəcəyinə kim inanar? AFFA rəhbərliyi elə təəssürat formalaşdırıb ki, əcnəbi məşqçilər Azərbaycanı ərəb ölkəsi hesab edirlər, bizə pul dağarcığı kimi baxırlar. AFFA-nın əsas büdcəsi dövlət tərəfindən ödənilir. Yəni AFFA-ya ödənilən pul xalqın vəsaitidir. Xalqın isə pulunun necə xərcləndiyini bilmək üçün sorğu-sual etməyə haqqı var. O cümlədən mətbuatın da”.
Tarix: 14-06-2024, 15:59