DAHA BİR QRUP VƏZİFƏLİ ŞƏXS QANDALLANDI - Prokurorluq detalları açıqladı



Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Mİa.az-a  bildirilib ki, istintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Bakı şəhəri, Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə istintaq edilən cinayət işi üzrə “T-Ekport” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3,2 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5,4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əhmədov Yaşar Oktay oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qaradağ rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Mövlud98”, “Elektrodom”, “Sultan-1996”, “Seymuroğlu” məhdud məsuliyyətli cəmiyyətləri tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 5,1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Bürcalızadə Rahil Vahid oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Xaçmaz Rayon Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.
Bakı şəhəri Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Nağıyev Əziz Balaca oğlu tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2,2 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3,7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əziz Nağıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Bakı şəhəri Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Ümüd 059” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 4,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 7,3 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Hüseynli Musa Yunis oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bakı şəhəri Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə başlanmış cinayət işi üzrə “Aysan AS” MMC tərəfindən Azərbaycandan İran İslam Respublikasına konsiqnasiya yolu ilə ixrac edilmiş “yaş biyan kökü” yükündən əldə olunan ümumilikdə 865 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1,4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İİR vətəndaşı Ashktorab Javad Habib iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə başlanmış cinayət işi üzrə “Alke İnşaat Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən konsiqnasiya yolu ilə Gürcüstana ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 393 min ABŞ dolları məbləğində (müvafiq dövrün məzənnəsi ilə 668 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Türkiyə Respublikasının vətəndaşı Oğuz Erkan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Avalon S” MMC tərəfindən konsiqnasiya yolu ilə Türkiyəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 379 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 644 min manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rzayev Arif Fəxrəddin oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
Tarix: 2-12-2024, 15:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}