“Rusiya piton kimi Ukraynanın ətrafını sararaq onu boğur”,- deyə Almaniyanın “Handelsblatt” qəzetindən Matias Brüqmann Rusiyanın Ukraynaya növbəti aqressiv aktı barədə yazır.
Müəllif Poroşenkonun prezident seçkilərini qazanmaq və ya ən azı təxirə salmaqdan ötrü münaqişəni qızışdırmaq niyyəti daşıdığına şübhə ilə yanaşır. Onun fikrincə, yeni, cılız da olsa qələbə Poroşenkodan çox Putinə daha artıq sərf edir. Özü də indiki iqtisadi çətinliklərin və populyarlığının düşdüyü bir fonda bu Putin üçün lap göydəndüşmə olardı.
“Putin Ukraynanın uğursuzluğa düçar olmasından ötrü əlindən gələn hər şeyi edəcək. Əgər Ukrayna Moskvanın vassalına çevrilsə, Avropanın təhlükəsizlik memarlığına ağır zərbə endiriləcək. Bu səbəbdən Avropa Ukraynanın taleyinə biganə qala bilməz”,- deyə Brüqman sonda qeyd edir.
“Ekspertlər Rusiyanın Ukraynaya açıq hərbi müdaxiləsi halında bütün beynəlxalq birliyin birləşərək Rusiyaya təzyiq göstərilməsi fikrində həmrəyidirlər”- deyə “Newsweek” jurnalından Kristina Meyza yazır.
“Son zamanlarda artan gərginlik Rusiyanın Ukraynanı cəzalandırmaqdan ötrü hərbi təmas xəttini daha da qərbə doğru çəkmək istədiyini göstərir. Bu isə Ukraynanın artan hərbi imkanları və Qərbin daha sərt sanksiyaları səbəbindən Kreml üçün əsl fəlakətə çevriləcək”,- deyə “Atlantic Council”dan Rusiya üzər ekspert Mark Simakovski “Newsweek”ə danışıb.
“Rusiyaya heç bir güzəşt edilməməlidir”, Almaniyanın “Tagesspiegel” qəzeti belə bir çağırış edir.
Qəzet Vladimir Putini aqressor və residivist adlandırır. “Onunla diplomatik dillə danışmağın faydası yoxdur. Tam əksinə, bu dil onu daha çox beynəlxalq hüquqi normanı pozmağa sövq edir”,-deyə yazar Kristoff fon Marşall qeyd edib.
Müəllif bu səbəbdən Almaniyanı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə, habelə “Şimal axını-2” layihəsini durdurmağa çağırıb.
“Putin Şimal qütbündən Afrikaya qədər təsir dairəsini genirşəndirmək istəyir. Əgər Ukrayna ilə bağlı müvafiq reaksiya verilməsə, Rusiyanın yeni hücumları özünü çox da gözlətməyəcək”,-deyə “The Wall Street Journa” qəzetinin redaksiya məqaləsində yazılıb.