Rusiya ilə Ukrayna arasında gərginlik yenidən alovlanıb. Rus gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb. Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Rəsmi açıqlamada bildirilib ki, Rusiyanın xüsusi təyinatlı qüvvələri Kerç boğazında Ukrayna gəmilərini ələ keçirib. Rusiya tərəfindən vurulan iki gəmi idarəetməni itirib. Rusiya tərəfi isə açıqlama verərək gəmilərin limanlarına geri döndüyünü bildirib. Məlumata görə, atəş nəticəsində “Berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralı var.
Qeyd edək ki, bundan öncə Rusiya məlumat yayaraq, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəminin Rusiya sərhədlərini pozaraq, Kerç boğazı istiqamətində irəlilədiyini bildirmişdi. İki ölkə arasında gərginliyin yenidən baş qaldırması ilə bağlı ekspertlər həyəcan təbili çalırlar. Bu gərginliyin real müharibəyə çevrilmə ehtimalı da dilə gətirilir. Gedən müzakirələrin əsasında Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi durur. Krımın bundan sonrakı taleyinin necə olacağı ilə bağlı fərqli fikirlər səslənməkdədir. Proseslərin gedişində rəsmi Moskvanın 2008-ci ildə Gürcüstanda separatçı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdığı kimi, indi də Ukraynada qondarma “Donetsk və Luqansk xalq respublikaları”nın müstəqilliklərini tanıya biləcəyindən söz açılır.
Bu hadisə ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu maraqlı bir şərhlə çıxış edib. Politoloq öz facebook profilində paylaşdığı statusda yazıb: “Aydındır ki, Ukrayna özünü alçaldaraq gəmilərinin Qara dənizdən Azov dənizinə keçidinə görə Rusiyadan icazə almayacaq. Bu halda Ukrayna Krımın ilhaqına razılaşmış olacaq. Rusiya isə Ukrayna gəmilərinin Krım və Azov sahilində sərbəst fəaliyyətlərinə imkan versə, reaksiya bildirməsə, zəif görünəcək, Krımın ona aid olmadığı kimi görsənmiş olacaq. Yəni hər bir tərəf zəif görünmək istəmir. Son insidentdən sonra Azov dənizinin yeni statusunu müyyənləşdirmək çətin olacaq. Digər tərəfdən, son insident Donbasda gərginliyin artmasına səbəb olacaq. Hətta gərginlik o həddə çata bilər ki, Rusiya ”Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliklərini" tanıya bilər. Rusiya bunu 2008-ci ildə Gürcüstanda təcrübədən keçirib, Gürcüstanla savaşdan sonra Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıdı".
Politoloq Əhəd Məmmədli hesab edir ki, iki ölkə arasında son baş verənlərin səbəbi Ukraynada son inqilab, ardınca Krımın ilhaqı və Donbasın yarısının işğalıdır: “Kreml Ukraynanın itirilməsi ilə barışmır. Ukrayna həmişə Rusiyanın ”arxa bağçası" olub. Rus dövləti Kiyev Rusiyasından başlayır. Rus şovinist təfəkküründə böyük Rusiyanı Ukraynasız təsəvvür etmək mümkünsüzdür. Doğrudur, Putinin reytinqi düşüb. Ola bilsin ki, bu hadisənin də Putinin reytinqinin düşməsi ilə əlaqəsi var. Amma düşünmürəm ki, qeyd etdiyimiz olay Putinin reytinqinin qalxmasına ciddi vasitə olacaq. Onun reytinqinin yüksəlişi üçün Rusiya gərək bunu bəhanə edib Odessa və ya Mariupolu işğal etsin. Məqsəd Ukrayna cəbhəsində irəli gedib danışıqlarda bunu alver predimetinə çəkməkdir. Yəni Putin Trampla görüş öncəsi Azovda bu həmləsi ilə ola bilsin ki, əllərindəki siyasi kartları daha güclü etmək istəyir. Göründüyü kimi, Rusiya Ukraynada provokasiyalarını davam etdirəcək. Moskva bu cür addımları ilə Krım reallığını Qərbə qəbul etdirmək istəyir. Moskvanın gözlərində isə Krım artıq Rusiyanındır. Ukrayna cəbhəsində də irəliləyərək Moskva Krımın ilhaqı reallığını Qərbə qəbul etdirmək istəyir. Belə deyək ki, Rusiya Donbası verib Krımı almaq və sanksiyalardan Qərbi imtina etdirmək istəyir. SSRİ dağıldıqdan sonra Ukrayna ordusu gücünə görə Rusiya ordusu ilə demək olar bərabər idi. Rusiya və ABŞ-ın təkidi ilə Ukrayna atom bombasından imtina etdi.
Bu Kiyevin ən böyük səhvi idi. SSRİ ordusunda zabit, gizir, çavuş heyətində kifayət qədər ukraynalı var idi. Ukraynalıların nüfuzu SSRİ ordusunda böyük idi. Müstəqillik bərpa ediləndən sonra Ukrayna ordusu Kiyevdə oturan iqtidarların etinasız yanaşması ucbatından əvvəlki gücünü itirməyə başladı. Rusiya hələ 1990-cı illərin lap əvvəlində Krımı qaytarmaq istəyirdi, amma o vaxt Ukrayna ordusu çox güclü idi və Moskva Kiyevlə açıq toqquşmaya girməyə risk etmədi. İndi isə yenidən qurulan Ukrayna ordusu Rusiya qarşısında təəssüf ki, geri çəkilməkdədir. Ona görə də indiki halda Ukrayna Azov dənizində baş verən rus provokasiyasına düşünmürəm ki, layiqli cavab versin. Rusiya ən azından indiki kimi güclü olduğu sürəcdə Krım de-fakto olaraq Moskvanın nəzarətində olacaq. Təəssüf ki, bu yarımada Qüdsün, Krım türkləri də Fələstin ərəblərinin taleyini yaşamaqdadır. Son 250 ildə əldən ələ keçən Krım yenə də müharibə zolağındadır. Rusiya tərəfindən Krımın ilhaq prosesi çoxdan başa çatıb. İndi dünya tərəfindən Krımın Rusiyanın olmasının tanınması qalıb. Belə deyək ki, Moskva dünyanı fakt qarşısında qoymaq istəyir. Lakin düşünmürəm ki, yaxın vaxtlarda dünya Krımı Rusiya kimi tanısın. Əksinə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi gözlənilir və bu da Rusiya daxilində yeni gərginliklərə səbəb ola bilər. Krım və bu yarımadanın aborigen xalqı tatar-türklərinin gələcəyi yenə də Türkiyə ilə bağlı olacaq. Fikrimcə, gec-tez Krım İstanbula qayıdacaq".
Politoloq dünyada dəngələrin yenidən dəyişdiyini dedi: “İstanbulla London yenidən imperiya siyasətinə qayıdır. Britaniyanın Avropa Birliyindən çıxması təsadüf deyildi. Dünya və regionla bağlı gizli ingilis-türk sazişinin olduğu da bildirilir. Ukrayna tərəfi bildirib ki əvvəlcədən ruslara xəbərdarlıq ediblər. Ruslar isə gərginlikdə ukraynalıları günahlandırırlar. Bilirsiniz, bu cür münaqişələrdə adətən tərəflər bir-birini ittiham edir. Burada da təəccüblü heç nə yoxdur. Ukrayna bu addımı Rusiyaya qarşı bilərəkdən edibsə, fikrimcə, bundan amerikalıların xəbəri, hətta məsləhəti belə olub. Çünki Ukrayna təkbaşına Rusiyaya qarşı bu şəkildə getməyə risk etməzdi. Qərbin Ukraynanı Rusiya qarşısında necə tək buraxdığını ukraynalılar yaxşı xatırlayırlar. Rusiyaya qarşı növbəti sanksiyalar dalğası gözlənilir. Bu da o deməkdir ki, Vaşinqton Rusiyadaxili vəziyyəti gərginləşdirmək fikrindədir. Bu, Amerikada nə qədər alınacaq və ya alınmayacaq, Ağ Evin Kremlə qarşı qəti mövqeyindən asılıdır. Kremlin istəyi başqadır. Hələlik görünən odur ki, Putin Ukrayna məsələsində Qərblə konfrontasiyaya getmək fikrindədir. Və bununla da Putin heç bir sanksiyalardan qorxmadığını göstərir. Moskva ola bilsin ki, qondarma Donetsk və Luqansk respublikalarını birləşdirib, qondarma Malorusiya dövləti qursun və onu tanısın. Ruslar əzəldən Ukraynanı Malorossiya, yəni kiçik Rusiya, özlərini isə Velikorossiya, yəni böyük Rusiya adlandırırlar. Rəsmi Ankara Krım və Donbas məsələsində Kiyevin yanında olduğunu bildirib. Bundan sonra da belə olduğuna şübhəm yoxdur”.(“Yeni Müsavat”)