İstanbul patriarxlığı Rusiya ilə Ukraynanın dini bağlarını tamamilə kəsdi


İstanbul patriarxlığı bu gün qəti olaraq Ukraynanın iki milli kilsəsinə, mitropolit Filaretin başçılığı altındakı "Ukrayna Patriarxlığı Kiyev Pravoslav Kilsəsi" və mitropolit Makarinin rəhbərliyindəki "Ukrayna Avtokefal Pravoslav Kilsəsi"nə qanuni status verib.

Musavat.com xəbər verir ki, bununla bağlı verilən qərarı İstanbul patriarxlığının nümayəndəsi, Telmis arxiyepiskopu İov “BBC Ukrayna”ya verdiyi müsahibədə açıqlayıb.

Arxiyepiskop İov bu qərardan sonra Ukraynada yaşayan bütün pravoslavların yalnız İstanbulun yurisdiksiyasına girdiyini söyləyib.

Pravoslav dünyasının ən ali dini qurumu yeni aktı ilə Ukraynada rusiyapərəst "Ukrayna pravoslav kilsəsi"nin fəaliyyətinə son verib (Kiyev mitropoliyası 1686-cı ildə elə İstanbul patriarxlığının qərarı nəticəsində Moskvanın tabeliyinə keçmişdi).

Arxiyepiskop İov

Arxiyepiskop İov Rusiya tərəfinin Ukrayna pravoslav kilsəsinə avtokefaliya (müstəqillik) verilməsi halında qanlı dini münaqişələrin ola biləcəyi barədə etdiyi xəbərdarlıqlara da toxunub: “Zatən 4 ildir ki, Ukraynada, Donbasda qan tökülür. Bundan pis nə ola bilər ki? Bütün bunları durdurmaq isə Moskvada oturan bir adamın əlindədir. O isə yalnız Ukraynanı ələ keçirmək haqqında düşünür. Məhz bu münaqişə sayəsində Ukrayna dindarları onlara düşmən kəsilən dövlətin dini tabeçiliyindən qurtulmaları üçün müraciət ediblər”.

Qeyd edək ki, İstanbul patriarxlığının Ukrayna ilə bağlı addımlara etiraz əlaməti olaraq, Rusiya Pravoslav Kilsəsi oktyabrın 15-də onunla bütün mənəvi bağlarını kəsdiyini elan etmişdi. Oktyabrın 20-də isə Moskva kilsəsi rəsmən İstanbul patriarxı I Varfolemeyi təfriqəçi adlandırmışdı.

Musavat.com

Tarix: 2-11-2018, 19:47
Xəbəri paylaş





Xəbər lenti