Ukraynada nə baş verir: Anti-terror əməliyyatı, yoxsa kriminal mübarizə?


Ukraynada nə baş verir: Anti-terror əməliyyatı, yoxsa kriminal mübarizə?

Politoloq: "Ukraynadakı qondarma əyalətlərə rəhbərlik uğrunda mübarizə gedir" 

Xəbər verildiyi kimi, qondarma Donetsk Xalq Respublikasının Kommunist Partiyasının qurultayında partlayış baş verib. Hadisə zamanı separatçı Donetsk Xalq Respublikasının (DXR) rəhbərliyinə namizəd İqor Xakimzyanov yaralanıb, daha dörd nəfər xəsarət alıb. Şahidlərin sözlərinə görə, partlayıcı qurğu zaldakı oturacaqların birinin altına yerləşdirilib. Bu hadisədən sonra ekspertlər yeni iddia ilə çıxış edib. Belə ki, iddialara görə, bundan əvvəl də tanınmamış Donetsk Xalq Respublikasının sədri Aleksandr Zaxarçenkonun ölümüylə nəticələnən qıza təsadüf yox, planlaşıdırılmış aktdır. Ekspertlər hesab edir ki, artıq Ukrayna yeni taktikaya keçib. Ehtimal olunur ki, rəsmi Kiyev itirilmiş torpaqlarını geri qaytarmaq üçün anti-terror əməliyyatları keçirir. 

İddialarla razılaşmayan politoloq Natiq Miri Cebhe.info-ya bildirib ki, bu məsələni Ukraynanın işğal olunmuş ərazilərindəki rus kriminal elementləri arasındakı mübarizə kimi dəyərləndirmək lazımdır. Onun sözlərinə görə, bu bölgədə çox ciddi kriminal elementlər prosesə cəlb olunub və onlara böyük maliyyə sərf edilir:

"Ona görə də həmin qondarma əyalətlərə rəhbərlik etmək uğrunda əvvəldən indiyə qədər mübarizə gedib və bu gün də proses davam edir. Zaman-zaman Rusiya tərəfindən onlar üçün müəyyən “qırmızı xətlər” müəyyənləşdirilsə də, görürsünüz ki, bəzən maliyyə və hansısa maraqlar baxımından bu “qırmızı xətlər” keçilir. Belə olanda Rusiya xüsusi xidmət orqanları özlərinin təyin etdiyi şəxsləri ya əvəz edir, ya da aradan götürməklə başqa şəxsləri həmin əyalətə rəhbər təyin edir və separatizm prosesini davam etdirmək üçün yeni ideyalar həyata keçirir. Mənə elə gəlir ki, bu məsələyə bir də bu konteksdən yanaşmaq lazımdır. Təbii ki, zaman-zaman Ukraynada müəyyən separatçı rəhbərlərə qarşı əməliyyatlar aparılır. Ancaq düşünmürəm ki, Kiyev hökuməti Ukraynanın separat bölgələrindəki rəhbərləri aradan qaldırmaq siyasəti həyata keçirsin". 

“Bu şəxslərə qarşı anti-terror əməliyyatları Ukraynaya heç nə qazandırmır”,- deyən politoloq hesab edir ki, bu cür kriminal və separat prosesə rəhbərlik etmək istəyən 10 minlərlə kriminal elementlər var:

"Həm bölgədə, həm də Rusiyada bu insanları aradan götürməklə Ukrayna heç nəyə nail ola bilməz. Düşünmürəm ki, bu, Ukraynanın dövlət siyasəti olsun. Ola bilsin ki, istisna hallar ola bilər. Hərbçilər hansısa maraqları konteksində kimlərisə aradan götürə bilər. Ancaq bunun bir dövlət siyasəti olması və bununla hansısa konkret siyasi nəticələr əldə etməyi hədəfləmək absurddur. Ona görə qənaətimcə, bu, daha çox həmin bölgələrdə olan kriminal elementlər, qruplaşmalar arasındakı mübarizədir. Həmçinin, Rusiyanın özü tərəfindən aradan götürülən insanlar var. Məsələyə bu prizmadan baxmaq lazımdır". 

Elmir Murad

Tarix: 1-10-2018, 21:27
Xəbəri paylaş





Xəbər lenti