Ağ Ev neftin bahalaşmasına qarşı: Trampın qorxulu yuxusu gerçəkləşə bilər...


Elnur Soltanov “ABŞ-da daxili  bazarda neft məhsullarının qiymətləri dünya bazarından asılı olaraq dəyişir  və bu bahalaşma Konqres seçkiləri öncəsi Respublikaçılar partiyası üçün arzuolunmazdır”

Dünya bazarından neftin qiyməti ilə bağlı pozitiv xəbərlər gəlməkdə davam edir. Belə ki, Londonun ICE  birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,72 dollar artaraq 82,06 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,76 dollar bahalaşaraq 72,33 dollar olub.

Bundan başqa, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar fonunda qiymətlərin bundan sonra 100 dollara qədər bahalaşma ehtimalı da var ki, bu da 2014-cü ildən sonra bir ilk ola bilər.

Analitiklərin rəyinə görə, əgər noyabrın 4-də ABŞ-ın mütəffiqləri İrandan neft idxalını dayandırarlarsa, qiymət 100 dollara yüksələcək. Çünki, İran nefti bazardan çıxarsa, digər böyük istehsalçılar bu boşluğu asanlıqla bağlaya bilməyəcəklər. Hətta bunda maraqlı da deyillər. ABŞ özü də bu boşluğu doldurmaq iqtidarında deyil.

OPEK-in uzunmüddətli dövr üçün hesablamaları da neftin qiyməti ilə bağlı pozitiv olmağa əsas verir. Qurumun 2018-ci il üzrə “World Oil Outlook” hesabatında deyilir ki, qlobal neft tələbatı 2040-cı ildə sutkada 111,7 milyon barrel olacaq.

Belə ki, inkişaf etməkdə olan ölkələrin neft tələbatı gündəlik 66,6 milyon barelə, Avrasiyada isə sutkada 6,4 milyon barelə çatacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə neft tələbatı sutkalıq 38,7 milyon barelə düşəcək.

Hesabata görə, 2040-cı ildə OPEC üzrə xam neft istehsalı gündəlik 49,3 milyon barel olacaq və kartelin qlobal hasilatdakı payı 36 faizə yüksələcək. Bu isə o deməkdir ki, neft qiymətlərində kəskin eniş gözləmək hələ ki, mümkün deyil. Lakin İrana tətbiq etməklə neftin bahalaşmasına səbəb olan ABŞ adminstrasiyası, indi də OPEK ölkələrindən hasilatı artırmaqla qiymətlərin kəskin yüksəlməsini qarşısını almağı tələb edir.

Elnur Soltanov ile ilgili görsel sonucu

ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, OPEK ölkələri hasilatı artırmaqda və qiymətləri ucuzlaşdırmaqda maraqlı deyillər: “OPEK-in uzunmüddətli dövr üçün hesabatı dünyanın ən ciddi alimlərinin, institutlarının hazırladığı bir arayışdır. İş adamları, iri şirkətlər OPEK-in hesabatından qeydlər apararaq onu strategiyalarının  tərkib hissəsinə çevirirlər.

OPEK qiymətin azalması üçün istehsalın artırma qərarı vermədi. Bilirsiniz ki, bu ərəfədə xeyli maraqlı, konseptual bir hadisə baş verdi. Trampın tələblərinə baxmayaraq OPEK istehsalı artırmama qərarı verdi. Bu da neft qiymətlərinin hələ ki, yüksək qalacağı anlamına gəlir.

Neft qiymətləri hazırda yüksəlir. Bunun əsas səbəbi spesifik olaraq Amerikanın İrana tətbiq etdiyi sanksiyalardır. Bu sanksiyalar noyabr ayında artıq tam olaraq həyata keçiriləcək. O səbəbdən artıq bir çox ölkələr və şirkətlər İrandan neft alışlarını dayandırırlar. Müvafiq olaraq, dünya bazarında İran neftinin payı azalır. Bu da ümumilikdə neftin azalması deməkdir ki, qiymətlərə yüksələn istiqamətdə təsir edir”.

Ekspert bildirdi ki, İrana sanksiya tətbiq edərək bazarda neftin azalmasına səbəb olan həmin Tramp daha sonra Səudiyyə Ərəbistanından, o cümlədən digər OPEK ölkələrindən istehsalı artırmağı tələb edir ki, neft qiymətləri artmasın: “Bu ABŞ üçün başadüşüləndir. Çünki bu ölkədə daxili  bazarda neft məhsullarının qiymətləri dünya bazarından asılı olaraq dəyişir, bizdəki kimi Tarif Şurası tərəfindən maliyyələşdirilmir. Bazarda neft qiymətləri dəyişən kimi amerikalının aldığı benzinin qiyməti də artır. Bildiyiniz kimi, noyabrın 6-da ABŞ-da Konqres seçkiləri olacaq. Bu mənada Trampın aid olduğu  Respublikaçılar Partiyasının vəziyyəti çox da yaxşı deyil. Bunun üzərinə neft qiymətlərinin yüksəlməsini də əlavə etsək, o zaman Trampın partiyası seçkilərdə azlıqda qala bilər və Konqres Demokratlar Partiyasına keçə bilər. Bu isə Trampın ən böyük qorxusu olan impiçment yolunun açılmasıdır. Çünki Demokratların nəzarətinə keçən Konqres böyük ehtimalla bu addımı atacaq. Ona görə də, Tramp Səudiyyə Ərəbistanı və digər OPEK ölkələri üzərində təzyiq yaradır və bunu başa düşmək olar”.

Soltanovun sözlərinə görə, 80 dollarlıq neft qiymətləri əksər hasilatçı ölkələri sərf edir: “İkinci bir səbəb bundan ibarətdir ki, İrana sanksiyalar tətbiq edilən zaman Səudiyyə Ərəbistanı bu məsələdə ABŞ-ı dəstəklədi və bir növ söz verdi ki, bazar İran neftinin əksikliyini hiss etməyəcək, biz hasilatı artıraraq yaranan boşluğu kompensasiya edəcəyik. Ancaq indiki halda Səudiyyə Ərəbistanı bunu etmək istəmir. Çünki iqtisadiyyatı tamamilə neft üzərində qurulub və 80 dollarlıq neft onlara çox sərf edir. Eyni şeyi Rusiya haqqında da demək olar.

Onu da qeyd etməliyik ki, həm Rusiya, həm də Səudiyyə Ərəbistanı bahalı silahlı siyasi münaqişənin içindədir. Eyni zamanda daxili iqtisadi vəziyyətləri heç də yaxşı deyil, 80 dollar onlar üçün arzuediləndir”.

İqtisadçının sözlərinə görə, digər bir səbəb ondan ibarətdir ki, bir il sonra neft bazarında tələbin təklifdən az olacağı proqnoz edilir və bu da qiymətlərin müəyyən qədər ucuzlaşacağı deməkdir: “OPEK-in hesablamalarına görə, 2019-cu ildə neft tələbatı istehsaaldan daha az artacaq, bazarda neft bolluğu olacaq. 2,5 milyon barel neft artımına qarşı tələbat 1,5 milyon barel artacaq. O mənada indi qiymət artsa belə, onsuz da növbəti ildən azalacaq. Bu qiymət artımının daha sərt bir şəkildə hiss etməmək üçün indidən neft hasilatını artırmağa ehtiyac yoxdur.

 Ümumi olaraq  deyə bilərik ki, hələlik neft qiymətləri yüksək olaraq qalacaq. OPEK-in noyabr və dekabr aylarındakı toplantılarını diqqətlə izləmək lazımdır. Bu toplantılarda qərarlarını dəyişdirə bilər. Lakin hələ ki, neft qiymətləri yüksək olmaqda davam edəcək. 2019-cu ilin ortalarına qədər isə ucuzlaşma müşahidə oluna bilər, biz neft qiymətinin 60-70 dollar civarına qədər düşdüyünü görə bilərik”.(“Yeni Müsavat”)


Tarix: 27-09-2018, 21:23
Xəbəri paylaş





Xəbər lenti