“Bu problem noyabrdan sonra daha kəskin xarakter alacaq” - Sədrəddin Soltan
İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi İran rejiminin 40 ildir İslam adına xələl gətirdiyini bildirib.
O, "Aparat" kanalına verdiyi müsahibədə qeyd edib ki, "İrandakı rejim 40 ildir İslam adına xələl gətirən siyasət yürüdür və İslama zərər verir. Mən din xadimi statusuna qarşıyam. Əgər özlərinə heç kimin sataşmamasını istəyirlərsə hakimiyyətdən getməlidirlər. İran sözdə İslam ölkəsi olsa da içki və narkotik satışında bir çox dövlətdən irəlidədir".
Xanım Haşımi həmçinin, insan hüquq və azadlıqları məsələsində diqqət çəkərək ölkədəki idarəetmə sisteminin yalnış olduğunu bildirib. Qeyd edək ki, Faizə Rəfsəncani İrandakı dini rejimə qarşı müxalif fəaliyyəti ilə tanınır. Onun barəsində qaldırılmış cinayət işi isə hələ qüvvədə saxlanılır. Bu baxımdan, Faizə Rəfsəncaninin siyasi sükutu pozması İranda son dövrlər artan daxili ictimai narazılıq fonunda diqqəti cəlb edir.
Məsələni Cebhe.info-ya şərh edən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, Faizə Rəfsəncani İranda islahatyönlü mübarizlərdən sayılır. Hətta bitr neçə il əvvəl onun dərc etdirdiyi “Zən” jurnalında şahın xanım Fərəh Divanın şəkli də yayılmışdı. 200-ci ildə həmin jurnalın fəaliyyəti qadağan edildi. Sonra atası, eks-prezident Seyid Haşımi Rəfsəncaninin ölümü ilə bağlı verdiyi açıqlama ilə gündmə gələn Faizə Rəfsəncani yenidən rejimə qarşı çıxır:
“Faizə Rəfsəncani bildirmişdi ki, onun atası təbii yolla ölməyib və hovuzda boğulub. Çünki onun meyitini hovuzun yanında tapmışdılar. Hətta Haşımi Rəfsəncanilər ailəsi hazırkı rejimin daxilində islahatçı sayılırlar. Hətta, Rəfsəncani prezident seçiləndə onu İranın Qorbaçovu adlandırırdılar. Deyirdilər ki, Rəfsəncani istənilən an əbasını soyunub kostyum geyinib, qalstuk bağlaya bilər.
Yəni Faizə Rəfsəncaninin belə çıxış etməsi gözləniləndir. Çünki istər Faziə, istərsə də Xomeyninin nəvəsi Xalid Həsən İrandakı teokratik rejimə qarşı davamlı olaraq, bu kimi çıxışlar edirlər. Haşımi Rəfsəncani özü də sağlığında deyirdi ki, parlament seçkilərində Tehrandan onun namizədliyinin keçməsinə mane oldular. Sonra Rəfsəncani bəyan etdi ki, məsələni Ayətullah Seyid Əli Xameneyiyə deyəcək və onun vurulmasından ali lider xəbərdardır. Bununla da Məclisə buraxılmamasının səbəbkarının Xameneyi olduğunu demək istəyirdi. Yaxud Ali Rəhbərlik institutunun başında Ekstpertlər Şurası dayanır. Həmin şura İranın ali rəhbərini seçir. Haşımi Rəfsəncaninin Ekspertlər Şurasına rəhbər seçilməsinin qarşısı alındı. Prezidentlik müddəti başa çatdıqdan sonra Rəfsəncani Məsləhət Şurasının sədri oldu. Əslində, İran konstitusiyasına görə, Məsləhət Şurası elə də mötəbər qurum deyil. İranda islahatçı və mühafizəkar qüvvələr onsuz da bir-birini tənqid etməkdən çəkinməyiblər. Məsələn, bu yaxınlarda, eks-prezident Mahmud Əhmədinejadın müşavirləri Əli Əkbər Cavanfekr və Rəhim Məşai həbs edilib. Əhmədinejadın ölkədə baş verənlərə qarşı etiraz mitinqi keçirməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etməsi göstərir ki, İranda baş verənlər Faizə Rəfsəncaninin dedikləri ilə müqayisədə çox yumşaqdır. Bir neçə il bundan qabaq İranda elan etdilər ki, bizdə islam var, respublika yoxdur.
Din xadimi statusuna gəldikdə isə inqilabın ilk illərində hakimiyyət daxilində çəkişmə var idi. Seyid Kazim Ağa Şəriət Mədari, Müntəziri, Taleqani İranda dinin dövlətdən ayrılmasının, ayətullahların siyasətə qarışmamasının tərəfdarı idilər. Ona görə də Şəriət Mədarini 1980-ci ildə qətlə yetirdilər. Sonra Taleqanini öldürdülər. Müntəziri isə ömürlük ev dustaqlığına məhkum edildi. Onlar bildirirdilər ki, dinin dövlətə qarışması perspektivdə dini cəmiyyətin gözündən salacaq. Tarixi hadisələr göstərir ki, bu təkliflə çıxış edən din xadimləri haqlı imiş. Çünki İran İslam Respublikasında, xristianlığı, bəhailiyi, zərdüştiliyi qəbul edənlər, satanistlər artdı. Bütün bunlar İranı idarə edən din xadimlərinin fəaliyyətinə etiraz idi. Bu etiraz davam edir.
Ona görə Faizə Rəfsəncaninin “İrandaki rejim 40 ildir İslam adına xələl gətirən siyasət yürüdür” ifadəsi də inqilabın ilk illərindən başlamış mübarizənin davamıdır və yeni deyil. Sadəcə olaraq, Faizə Rəfsəncaninin ictimai imici var və buna görə də fikirləri ciddi qəbul olunur. Yəni İranda siyasi proseslər hər gün gərginləşir. İranda iqtisadi vəziyyət də ağırlaşır. İnsanlar əməkhaqqı ala bilmir. Bütün bunlar İranın sosial-iqtisadi vəziyyətini əks etdirir. Faizə Rəfsəncani də bu nöqteyi-nəzərdən çıxış edir. İranda “Yaşıllar hərəkatı”nın boz kardinalı həmişə Rəfsəncani sayılıb. Qırx ildir bu proses davam edir. Faziə Rəfsəncaninin təmsil etdiyi islahatçı qanad bildirir ki, din dövlətdən ayrı olmalıdır. Amma dövlətin başçısı prezident deyil, Ayətullah Seyid Əli Xameneyidir. Bunun qarşısını almaq üçün ölkədə konstitusiya islahatının aparılmasını tələb edirlər. Hesab edirlər ki, konstitusiya dəyişərsə, ölkədə “məxməri inqilab” baş verə bilər. Əks halda, İranda ciddi problemlər yaranacaq. Həmin problemlər isə noyabrdan sonra daha kəskin mərhələyə daxil olacaq”.