Paşinyandan iqtidarı alacaq “İvanişvili” artıq yetişib

 Erməni xalqının Paşinyan iqtidarından gözləntiləri çoxdur.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Paşinyan korrupsiyaya və cinayətkarlığa qarşı mübarizəyə başladı və qısamüddətli də olsa, hətta keçmiş prezident Köçəryan da həbs edildi:
“Amma xalqın sosial durumu yaxşılaşmadı. Ermənistan Cənubi Qafqazın ən kasıb ölkəsidir və bu vəziyyətə onillərlə yürütdüyü siyasət nəticəsində düşüb”.
Politoloq vurğulayıb ki, növbədənkənar parlament seçkilərində Paşinyan məğlub olsa, Ermənistanı yeni hakimiyyət konfiqurasiyası gözləyir:
“Köçəryan-Çarukyan birliyi haqda deyilənlər indiki halda inandırıcı deyil. Çünki ermənilərin Qarabağ klanına nifrəti sonsuzdur. Gərək bir il ərzində Ermənistanda vəziyyət elə gərgin olsun ki, xalq yenidən köhnə hakimiyyətə səs verməyə məcbur qalsın”.
Politoloq qeyd edib ki, bu vəziyyətdə parlamentdə ikinci güc olan erməni oliqarx Çarukyanın şansları artır:
“Çarukyan Ermənistanın İvanişvilisidir. Ermənistanda da oliqarxın hakimiyyətə gəlmək təcrübəsi reallaşa bilər. Qarabağ klanının köhnə zamanlardakı kimi hakimiyyətə qayıdacağına inanmıram. Hətta Azərbaycan torpaqları işğaldan azad edilsə belə, bu fakt Köçəryan-Sərkisyan rejiminin “yeni patriotizm dalğası” ilə iqtidara qaytarmayacaq”.
Politoloq bildirib ki, Köçəryan-Sərkisyan klanının yeganə ideologiyası işğaldır:
“Qarabağ Azərbaycan tərəfindən azad ediləndən sonra Köçəryan-Sərkisyan siyasi reallığı tarixin arxivinə gömüləcək”.
Tarix: 29-08-2018, 14:08
Xəbəri paylaş





Xəbər lenti